Axtar

İnsanın yaxşı və pis davranışı özünə qayıdır

  • Paylaş:
İnsanın yaxşı və pis davranışı özünə qayıdır

İslam dininin, xüsusilə də şiə məzhəbinin əxlaqi təlimlərində mühüm prinsiplərdən biri budur ki, insanın etdiyi hər bir yaxşılıq və pislik müəyyən şəkildə özünə qayıdır. İnsan başqalarına qarşı necə davranırsa, əslində öz mənəvi gələcəyini də elə formalaşdırır. Yaxşılıq edən insan öz ruhunu gözəlləşdirir, haqsızlıq və pislik edən isə ilk növbədə öz mənəviyyatına zərər vurur.

Qurani-Kərimdə Allah-taala buyurur: Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız. Əgər pislik etsəniz, yenə özünüzə etmiş olarsınız. (İsra surəsi, 7-ci ayə).

Bu ayə çox dərin bir həqiqəti ifadə edir: insanın əməlləri yalnız başqalarına təsir göstərmir, həm də onun öz taleyinə, şəxsiyyətinə və axirətinə təsir edir. Başqasına edilən yaxşılıq Allah dərgahında itmir, haqsızlıq və zülm isə unudulmur.

İmam Əli (ə) buyurur: Yaxşılıq et, çünki yaxşılıq etmək ən gözəl sərmayədir.

İmamların (ə) əxlaqi məktəbində yaxşılıq, mərhəmət, ədalət, sədaqət və insanlara hörmət insanın mənəvi yüksəlişinin əsasları hesab olunur. İnsan kiməsə kömək etdikdə, birinin qəlbini sevindirdikdə, haqsızlığa qarşı çıxdıqda və ya ehtiyacı olan bir insana əl tutduqda, əslində öz axirəti üçün savab qazanır.

Eyni zamanda, pis davranışın da nəticəsi vardır. İnsan kiminsə haqqını tapdalayırsa, ona zülm edirsə, yalan danışırsa, etibardan sui-istifadə edirsə və ya başqasının qəlbini qırırsa, bu əməllər onun mənəvi dünyasında iz buraxır. Bəzən insan etdiyi pisliyin nəticəsini dərhal görməyə bilər. Lakin bu, həmin əməlin nəticəsiz qalması demək deyil.

İmam Əli (ə) öz kəlamlarında insanı zülmdən, haqsızlıqdan və pis əxlaqdan çəkindirir. Çünki zülmün ilk zərəri zülm edən insanın özünə aiddir. Başqasına haqsızlıq edən insan bəlkə də özünü güclü hesab edir, lakin əslində öz vicdanını, mənəvi dəyərlərini və Allah qarşısındakı məsuliyyətini təhlükəyə atır.

Burada mühüm bir məsələ də var: insan etdiyi yaxşılığı mütləq həmin şəxsdən geri alacağını düşünməməlidir. Çünki yaxşılığın əsl qarşılığı yalnız insanların təşəkkürü ilə ölçülmür. Bəzən yaxşılıq etdiyin insan sənə qarşı nankorluq edə bilər, bəzən də sənə haqsızlıq edən şəxs dərhal cəzasını almaya bilər. Lakin mömin insanın əsas məqsədi insanların münasibətinə görə deyil, Allahın razılığını qazanmaq üçün yaxşılıq etmək olmalıdır.

Ona görə də bilməliyik ki, insan həyatda nə əkərsə, mənəvi baxımdan onu da biçər. Başqalarına sevgi, mərhəmət və ədalətlə yanaşan insan öz daxilində rahatlıq və mənəvi zənginlik yaradır. Başqalarına zülm edən, insanların haqqını yeyən və qəlblərini qıran insan isə öz əməllərinin məsuliyyətini daşıyır.

Unutmayaq ki, insanın əsl böyüklüyü başqalarına qalib gəlməkdə deyil, öz nəfsinə qalib gəlməkdədir. Heç bir yaxşılıq Allah yanında itib-batmadığı kimi, heç bir haqsızlıq da Onun ədalətindən kənarda qalmır.

Başqasına etdiyin yaxşılıq əslində öz ruhuna etdiyin yaxşılıqdır; başqasına etdiyin zülm isə ilk növbədə öz mənəviyyatına vurduğun zərbədir.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev