Axtar

İmam Sadiqin (ə) nəsihətləri

  • Paylaş:
İmam Sadiqin (ə) nəsihətləri

İmam Cəfər Sadiq (ə) İslam tarixində elm, hikmət və əxlaq sahəsində dərin iz qoymuş böyük şəxsiyyətlərdən biridir. Onun nəsihətləri insanın həm mənəvi, həm də ictimai həyatını düzəltməyə yönəlib. Aşağıda onun məşhur və mənalı nəsihətlərindən bəzilərini  gətiririk.

İmam Sadiqin (ə) hikmətli sözləri

** İmam (ə) buyurur:  Elm öyrənin, çünki elm insanın şərəfidir. 
H ə r   bir   k ə s üçü n   ayd ı nd ı r   ki elm   insan ı  ucaldar   v ə  onu   cahillikd ə n   qoruyar Əgər insanın elmi olmasa, doğrunu yanlışdan və haqqı batildən ayıra bilməz.

** Yenə imam (ə) buyurur: Ən yaxşı ibadət, halal ruzi qazanmaq üçün çalışmaqdır. 
İslam dinində zəhmət və dürüst qazanc böyük dəyər sayılır. Təbii ki, halal yol ilə qazanılan qazanc çox mühimdir. Ona görə də imam (ə) öz kəlamında “halal ruzi” ifadəsini işlədir və bu cümlə ilə bizə başa salmaq istəyir ki, ruzimizi halal yol ilə əldə etməliyik.

** Başqa bir hədisdə isə imam (ə) belə buyurur: Dilini qoru ki, izzətini qoruyasan. 
İnsan çox vaxt danışdığı sözlərinə görə hörmət qazanır və ya əksinə, hörmətini itirir. Ona görə də danışmadan öncə düşünmək lazımdır. Əslində insan çalışmalıdır ki, çox danışmasın, hər kəsə və hər şeyə cavab verib, münasibət bildirməsin. Çün ki, insan öz dilini yanlış sözlərdən məhz bu cür qoruya bilər. Necə deyəllər “ Danışmaq gümüşdürsə, sakit durmaq qızıldır”.

** Yenə imam (ə) buyurur: Qəzəb imanın düşmənidir. 
Hamımız bilirik ki, qəzəb insanı yanlış qərarlara tərəf aparır. 

İnsan qəzəbləndiyi vaxt Şeytan ona yaxınlaşır. Belə olduqda isə insana yanlış düşüncələr qələbə çalaraq, onun imandan uzaqlaşmasına səbəb olur. 

** Hədislərin birində isə imam (ə) belə buyurur: İnsanların ən yaxşısı, insanlara faydası olandır. 
İslam dininə görə Eqoistlik ən pis xüsusiyyətlərdən biridir. Ona görə də insan yalnız özünü düşünməməli və ətrafında olanların vəziyyəti ilə maraqlanıb, bacardığı qədər onlara da fayda verməli və problemlərinin həllində çalışmalıdır.

** Yenə imam (ə) buyurur: Səbir imanın yarısıdır. 
Həm Quran və həmdə Məsumların (ə) hədislərində çətinliklər qarşısında səbr etmək barədə kifayət qədər ayə və hədislər var. İnsan sıxıntılar qarşısında səbr etdiyi vaxt, Allahın razılığını qazanır və onun qeybi yardımlarından bəhrələnir. Əslində sıxıntılar qarşısında səbirli olmaq, insanın Allaha olan güvəninin nişanəsidir. Ona görə də səbr etmək böyük savab sayılır. 

** Başqa bir hədisdə isə imam (ə) belə buyurur: Dostunu gizlicə nəsihət et, açıqda isə hörmətlə davran. 
İmamın (ə) bu cümləsi həm psixoloji tərbiyə üsülu, həm də insanın şəxsiyyətinə verilən dəyərin əhəmiyyətinə işarədir. İmam (ə) bu cümləsi ilə əxlaq və münasibətlərdə olan incəliklərə diqqət çəkir və iki tərəf arasında olan əlaqə və dostluğun önəm və incəliyinə toxunur.

** Yenə imam (ə) buyurur: Təvazökar ol ki, ucalasan.

Təvazökar olmaq, insanın öz üstünlükləri, bacarıqları və ya nailiyyətləri ilə öyünməməsi, təkəbbürdən uzaq duraraq, sadə və alçaqgönüllü davranmasıdır.  
Təvazökar davranış hər bir şəxsi Allah yanında və insanlar arasında yüksəldir.

Təvazökarlığın ziddi isə Təkəbbürdür.Təkəbbür, Özünü böyük hesab etmək, başqalarını küçümsəmək və lovğalanmaq deməkdir.

Əslində hər bir insan təkəbbürlü şəxsləri sevmir və bu, insan psixologiyasından qaynaqlanan bir həqiqətdir. Allah insanları elə yaradıb ki, onların yaradılışlarında bütün bəyənilməyən xüsusiyyətlərə qarşı mənfi düşüncə var. Bəyənilməyən xüsusiyyətlərdən biri də, məhz təkəbbürdür. Ona görə də imam (ə) buyurur ki, Təvazökar olmaq insanın ucalığına səbəb olar. Avtomatik olaraq tavazökarlığın ziddi olan təkəbbür xasiyyəti, insanı ucaltmaz, onu başqalarının gözündən aşağı salar.

İmam Sadiqin (ə) buyurduğu nəsihətlərı qısa şəkildə ifadə etmək istəsək, belə nəticəyə gəlmək olar ki: 

Həqiqi Əhli-beyt (ə) davamçısı olmaq istəyiriksə, çalışmalıyıq ki, Elm və bilik əldə edib, Əxlaq və davranışımıza diqqət yetirək, müxtəlif hadisələr qarşısında Səbir və təqvaya riayət edək və köməyə ehtiyacı olanlara faydalı olaq .

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev