Axtar

İmam Hüseynin (ə) qiyamı – Ədalət və insan ləyaqətinin əbədi dərsi

  • Paylaş:
İmam Hüseynin (ə) qiyamı – Ədalət və insan ləyaqətinin əbədi dərsi

Tarixdə elə hadisələr var ki, onların təsiri əsrləri aşaraq bütün bəşəriyyət üçün mənəvi məktəbə çevrilir. Kərbəla hadisəsi və İmam Hüseynin (ə) qiyamı da belə hadisələrdəndir. Şiə məktəbinin baxışına görə, bu qiyam sadəcə siyasi hakimiyyət uğrunda mübarizə deyil, İslamın həqiqi dəyərlərini qorumaq, zülmə qarşı dayanmaq və insan ləyaqətini müdafiə etmək üçün ilahi bir vəzifənin yerinə yetirilməsi idi.

Peyğəmbərin (s) vəfatından sonra İslam cəmiyyətində müxtəlif hadisələr baş verdi. Zaman keçdikcə hakimiyyət bəzi hallarda dini prinsiplərdən uzaqlaşmağa başladı. Yezidin hakimiyyətə gəlməsi ilə bu uzaqlaşma daha da aydın şəkildə özünü göstərdi. İmam Hüseyn (ə) belə bir şəraitdə Yezidə beyət etməyi qəbul etmədi. Onun məşhur kəlamlarından biri bu mövqeyi aydın ifadə edir. Belə ki, imam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət edən vaxt buyurdu: “Mən islahat etmək, yaxşılığa əmr edib, pislikdən çəkindirmək üçün qiyam etdim.”

Şiə etiqadına görə, imamlar (ə) Allah tərəfindən təyin olunmuş mənəvi rəhbərlərdir. Onlar yalnız dini hökmləri öyrətməklə kifayətlənməyib, həm də cəmiyyətə haqq yolu göstərirlər. Bu baxımdan İmam Hüseynin (ə) qiyamı ilahi rəhbərliyin və məsuliyyət hissinin ən parlaq nümunələrindən biridir.

Kərbəla hadisəsinin ən mühüm dərslərindən biri budur ki, insan haqqı tanıdıqdan sonra susmamalıdır. Sayın azlığı və ya zahiri gücsüzlük haqq yolundan dönmək üçün bəhanə ola bilməz. İmam Hüseyn (ə) və onun səhabələri sayca az olsalar da, tarix göstərdi ki, mənəvi qələbə fiziki qələbədən daha qalıcıdır. Bu gün milyonlarla insanın Aşura və Ərbəin mərasimlərində onun adını ehtiramla yad etməsi bu həqiqətin canlı nümunəsidir.

Kərbəla həm də Səbir, Vəfa və Fədakarlıq məktəbidir. İmam Hüseynin (ə) qardaşı Həzrət Əbbasın (ə) sədaqəti, Həzrət Zeynəbin (s.ə) möhkəmliyi və İmam Hüseynin (ə) ailəsinin göstərdiyi dözüm hər bir mömin üçün örnəkdir. Onlar sübut etdilər ki, iman yalnız sözlə deyil, əməl və fədakarlıqla öz dəyərini göstərir.

Müasir dövrdə də Kərbəla məktəbi insanlara vicdanlı olmağı, ədaləti qorumağı, zəiflərin yanında dayanmağı və mənəvi dəyərləri maddi mənafelərdən üstün tutmağı öyrədir. İmam Hüseynin (ə) qiyamı hər bir insana xatırladır ki, haqq uğrunda atılan kiçik bir addım belə Allah dərgahında böyük dəyərə malikdir.

Allahdan diləyimiz budur ki, bizi Əhli-beytin (ə) yolunu tanıyan, İmam Hüseynin (ə) məktəbindən ibrət alan və həyatında ədalət, mərhəmət və təqvanı rəhbər tutan bəndələrdən qərar versin. Amin!

 

Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev