Axtar

Fitr və Qurban bayramı namazı

  • Paylaş:
Fitr və Qurban bayramı namazı

İmamın (ə) insanların arasında olduğu dövrdə Fitr və Qurban bayramı namazı vacibdir və camaatla qılınmalıdır. İmamın (ə) qaib olduğu bu dövrdə isə, müstəhəbdir və onu camaatla, yaxud fərdi namaz kimi qılmaq olar.

Fitr və qurban bayramı namazının vaxtı

Fitr və Qurban bayramı namazının vaxtı bayram günü günçıxandan zöhr azanına qədərdir.

Qurban bayramı namazını Günəş üfüqdə yüksəldikdən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə Günəş üfüqdə yüksəldikdən sonra, iftar etmək və fitrə zəkatını da vermək, daha sonra bayram namazını qılmaq müstəhəbdir.

Fitr və qurban bayramı namazının qılınma qaydası

Fitr və qurban bayramı namazı iki rükətdir. Namazın başlanğıcında təkbirət əl-ehramdan və hər iki rükətdə Həmd və surəni oxuduqdan sonra, bir neçə dəfə təkbir deyilir və təkbirlər arasında qunut tutulur. Vacib ehtiyata əsasən, hər rükətdə üç təkbir deyilməsi, onların arasında iki qunut tutulması lazımdır və üçüncü təkbirdən sonra, vacib ehtiyata əsasən, rükudan öncə başqa bir təkbir də deyilir. Beləliklə, hər rükətdə təkbirlərin ümumi sayı dörddür. Hərçənd, daha yaxşı olar ki, birinci rükətdə beş təkbir deyilsin və onların arasında dörd qunut tutulsun, ikinci rükətdə isə dörd təkbir deyilsin və onların arasında üç qunut tutulsun. Bu halda həmin təkbir və qunutlardan əlavə, vacib ehtiyata əsasən, rükudan öncə başqa bir təkbirin də deyilməsi lazımdır.
Qeyd etmək lazımdır ki, namazın qalan hissəsi, yəni rüku, iki səcdə, təşəhhüd və salam eynilə digər ikirəkətli namazlarda olduğu kimi yerinə yetirilir.

Fitr və Qurban bayramı namazının qunutunda istənilən dua və zikr oxunarsa, kifayət edir. Lakin daha yaxşı olar ki, bu dua oxunsun: “Allahummə əhləl-kibriyai vəl-əzəməti, və əhləl-cudi vəl-cəbəruti, və əhləl-əfvi vər-rəhməti, və əhlət-təqva vəl-məğfirəti, əsəlukə bi həqqi hazəl-yaum, əlləzi cəəltəhu lil-musliminə idən, və li Muhəmmədin səlləllahu əleyhi və alihi və səlləmə zuxran və məzidən, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin, və ən tudxiləni fi kulli xayrin ədxəltə fihi Muhəmmədən və Alə-Muhəmmədin, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və Alə-Muhəmmədin, sələvatukə əleyhi və əleyhim, Allahummə inni əsəlukə xayra ma səələkə bihi ibadukəs-salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəs-salihun”.

Fitr və qurban bayramı namazının camaatla qılınması ilə əlaqədar hökmlər

Dövrün imamının (ə.f) qaib olduğu dövrdə əgər fitr və qurban bayramı namazı camaatla qılınarsa, lazım ehtiyata əsasən, ondan sonra iki xütbə oxunmalıdır. Bu iki xütbənin oxunma qaydası cümə namazının xütbələri kimidir. İmam iki xütbə arasında bir qədər oturmalıdır və daha yaxşı olar ki, Fitr bayramı xütbəsində fitrə zəkatı, qurban bayramı xütbəsində isə qurbanlıq ilə bağlı hökmləri açıqlasın. Bu iki xütbənin namazdan öncə oxunması caiz deyil. Məmumun xütbələr əsnasında orada olması vacib deyil.
Bayram namazında da digər namazlarda olduğu kimi məmum Həmd və surə istisna olmaqla namazın digər zikrlərini özü deməlidir.

Əgər məmum imam təkbirlərin bir neçəsini dedikdən sonra gəlib çatarsa, imam rükuya getdikdən sonra onunla birgə demədiyi təkbirləri deməli, qunutları tutmalı, rükuya çatmalıdır və əgər hər qunutda bir dəfə “Subhanəllah”, yaxud “Əlhəmdu lillah” və ya bənzər bir zikr deyərsə, kafidir. Əgər vaxt yoxdursa, yalnız təkbirləri deməlidir. Əgər bu qədər də vaxt yoxdursa, imamın ardınca hərəkət edərək rükuya getməsi kifayətdir.
Əgər insan bayram namazında imamın rükuda olduğu məqamda gəlib çatarsa, niyyət edib namazın ilk təkbirini, ardınca rükunun təkbirini deyə və rükuya gedə bilər.