Şəriətimizə görə çimmək qüslü əvəz etməz. Çünki əvvəla, qüsl üçün niyyət edilməsi lazımdır. İkincisi, qüsl – müəyyən ardıcıllıqla bədənin yuyulmasıdır. Qüsldə mütləq əvvəlcə baş və boyun, daha sonra bədənin sağ yarısı, axırda da bədənin sol yarısı tam yuyulmalıdır. Qüsl zamanı bədənin səthindən bir zərrə qədər də olsa məsafə quru qalmamaladır. Barmaqların arası, saç, qulaqların görünən qədər içi və s. su ilə islanmalıdır. Qüsl zamanı bədənin islanmasına mane olan bütün maneələr aradan qaldırılmalıdır (bədəndəki yapışqan, rəng, dırnaq boyası və s. təmizlənməli, üzük, sırğa, qolbaq çıxarılmalıdır). Qüsl almaq yoxsa çimmək birinci olmalıdır sualına gəlincə, bu barədə şəriətin hər hansı vacib göstərişi yoxdur. Qüsl zamanı bədənin pak olması şərtdir. Ona görə də əgər bədəndə nəcasət varsa, əvvəlcə onu yuyub təmizləmək, sonra qüsl almaq lazımdır. İnsan öz istəyinə uyğun olaraq ya əvvəlcə çimib sonra qüsl ala, ya da əksinə əvvəlcə qüsl alıb sonra çimə bilər. Lakin qüslün təmiz bədənə alınması müstəhəb olduğu üçün məsləhətdir ki, insan əvvəlcə yuyunub, sonra qüsl alsın. Su azdırsa və hər ikisinə çatmazsa, bədəndə nəcasət də yoxdursa, o halda birbaşa qüsl almaq lazımdır.
Çimmək qüslü əvəz edirmi? Qüsldən əvvəl yoxsa sonra çimmək məsləhətdir?
