Axtar

Cənnət əhli kimlərdir?

  • Paylaş:
Cənnət əhli kimlərdir?

"Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və nemətlər içində olacaqlar. Rəbbinin onlara əta etdiyi nemətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur". (ət-Tur, 52/17-18)

Cənnət - bizim təxəyyül və təsəvvürümüzün yetişmədiyi, çox müxtəlif xüsusiyyət və gözəlliklərə, hər cür naz-nemətə sahib olan əbədi qalacaq yerdir. Cənnətdə Allah tərəfindən möminlərə daha əvvəl heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir kimsənin təsəvvür etmədiyi saysız və sonsuz nemətlər veriləcək.

Cənnət mühitində təqdim ediləcək nemətlər dünya şərtlərinin əksinə, insanların ürəkdən yaşayacaqları, heç bir zaman bitmə, tükənmə narahatlığı duymayacaqları əbədi nemətlərdir. Cənnətdəki hədsiz gözəlliyə sahib olan bu nemət və zənginlik Allahın sonsuz gözəllikdəki sənətinin təzahürüdür. Bütün bu gözəlliklər möminlərin istək və arzularına ən çox xitab edən şəkildə inanmış könüllərə təqdim ediləcək. Uca Allah seçdiyi peyğəmbərləri və göndərdiyi kitablar vasitəsilə möminləri cənnətdəki sonsuz nemətlərlə müjdələmişdir. Bu müjdə cənnəti şiddətlə arzulayan bir mömin üçün izahı mümkün olmayan bir sevincdir.

Cənnətdəki bu nemətlər Allaha, peyğəmbərlərə, mələklərə, Axirət gününə və öldükdən sonra təkrar dirilməyə inanan imanlı, saleh əməl və gözəl əxlaqa sahib olan möminlər üçündür. Bunlar ibadətlərini yerinə yetirən, sözündə doğru olan, qeybət etməyən, böhtan atmayan, hiylə işlətməyən, aldatmayan, yalan danışmayan, yalan şahidlik etməyən, şahidliyi düz edib gizləməyən, tərəzidə və ölçüdə aldatmayan, zina etməyən, yetim malı yeməyən və cana qıymayan, təkəbbürlənməyən, zənndən çəkinən, insanların qüsurlarını araşdırmayan, ata-anasına pis davranmayan, israf və xəsislik etməyən, qonşusuna əziyyət verməyən, həsəd aparmayan, Quran əxlaqına sahib olan kəslər üçündür.

Yenə bunlar Allaha güvənən, böyük günahlardan və çirkin işlərdən uzaq duran, əsəblərinə hakim ola bilən, qüsur işləyənləri bağışlayan, Allahın dəvətini məmnunluqla qəbul edən, işlərini məşvərətlə yoluna qoyan, mallarından Allah yolunda infaq edən, gecələrini ibadətlə keçirən, hər an günahlarının əfvi üçün dua edən, xərclədikləri zaman nə israf, nə də xəsislik göstərən, onlara cahilcə sataşıldığı zaman təmkin və xoşgörü ilə "salam" deyib keçən, uca Rəbbin ayələri xatırladıldığı zaman eşitməmiş və görməmiş kimi hərəkət etməyən, həyat yoldaşı və uşaqlar üçün xeyir-dua edənlər üçündür.

Mömin dünya həyatında arzu etdiyi və arxasından qaçdığı halda, əldə edə bilmədiyi nemətlərin hamısının cənnətdə ən gözəl şəkildə hazır olduğunu bilər və həyatını elə yaşamağa çalışar ki, ölüm qapısının o üzündə başlayan axirət həyatında o istədiklərinə qovuşa bilsin. Ona görə də iman etmişlər dünya həyatından axirət həyatına keçdiklərində hər hansı bir çaşqınlıq, anlaşılmazlıq, uyğunlaşma çətinliyi ilə qarşılaşmayacaqlar. Onlar bu sonsuz həyat içində yeyəcək, içəcək, libas geyib, ən mükəmməl köşklərdə qalacaqlar və onların sevdikləri həyat yoldaşlar olacaqlar. Onlar dünyada səbir etmələrinə qarşılıq olaraq ipəkdən paltarlar içində, yumşaq taxtlar üzərində yaslanacaq və sonsuza qədər dinc bir həyat sürəcəklər. Onlar "Tükənməz və qadağan edilməyən bol-bol meyvələr içində və hündür döşəklər üstündə" dirlər (əl-Vaqiə, 56/32-34). Cənnət ağaclarının kölgəsi onların üstünə düşmüş, meyvələri isə daim təptəzə olmaqla cənnət əhlinin istifadəsinə təqdim edilir. Ətraflarında hər an istəklərinə hazır huri və qılmanlar gümüş qədəhlər və büllur dolçalarla gəzərlər. Cənnətdəkilərin həyat yoldaşları baxışlarını yalnız öz yoldaşlarına çevirmişlər. Bunlardan əvvəl onlara nə bir insan, nə bir cin toxunmuşdur (ər-Rəhman, 55/56).

Cənnətdə hara baxsan, bir nemət və böyük bir mülk görərsən. Onlara belə deyiləcək: "Bu, sizin üçün məqbul görülmüş bir mükafatdır və səyiniz boşa getməmişdir. Burada əbədi qalacaqsınız. Genişliyi göylərlə yer arası qədər olan və Allaha qarşı gəlməkdən çəkinənlər üçün hazırlanmış cənnətə tələsin. Mömin dünyada qüvvətli bir iman, saleh bir əməl, gözəl bir səbir və yaxşı bir təvəkkül göstərdiyi təqdirdə cənnətdə vəd olunan bütün nemətlərə qovuşacaq.