Bu kəlam Həzrət Mühəmməd Peyğəmbərə (s) aid edilir. Mənası budur ki, insan nə qədər böyük günah etmiş olsa da, Allahdan bağışlanma diləsə (burada şərtlərinə uyğun səmimi tövbə-istiğfar nəzərdə tutulur), həmin günahı Allah bağışlayar və insanın boynunda artıq böyük günah qalmaz. Əksinə, kiçik bir günah əgər dəfələrlə, qəsdən, tövbə etmədən təkrarlansa, artıq kiçik günah həddindən çıxar və böyük günaha çevrilər. Əxlaq alimlərinin bir qismi böyük və kiçik günahlar kateqoriyasını bu əsasda qəbul edirlər. Onlara görə, yalnız bəzi konkret əməllər böyük günah sayılmır. İstənilən günah – hətta kiçik və əhəmiyyətsiz görünsə də – əgər israrla təkrar edilsə, insan bundan peşmançılıq duymasa, qəsdən ardıcıl olaraq o günahı təkrarlasa, həmin əməl kiçik günah səviyyəsindən çıxar və böyük günaha çevrilər, Allahın şiddətli qəzəbinə hədəf olar.
