Axtar

Bir ayədə dünyagörüşünün 3 əsasının inikası

  • Paylaş:
Bir ayədə dünyagörüşünün 3 əsasının inikası

Bismilləhir-Rahmənir-Rahim!

Rəbbimiz "Bəqərə" surəsinin 285-ci ayəsində buyurur: "Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): "Onun elçilərinin heç biri arasında fərq qoymuruq". Həmçinin dedilər: "Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir"".

Deyə bilərik ki, bu bir ayə başdan-başa bizim dünyagörüşümüzü təşkil edir. Bir mübarək ayə başdan-başa iman dərsliyidir. Burada həm tövhid, həm nübuvvət və həm də məad var. Haradan gəlmişik, haradayıq, hara gedirik suallarının cavabı bu ayədə aşkar şəkildə bəyan olunur.

Bütün varlıq aləmi bir hərəkətin tərkibindədir

Ayənin təfsiri məqamların keçməzdən öncə, iki mühüm nöqtəyə toxunmaq çox faydalıdır. Birincisi, bu ayədə İslamın bir din olaraq üsulları və əsasları çatdırılır. Çatdırılır ki, Allahdan gəlmişik, Allah Təala peyğəmbərlər (ə) göndərib, Kitab nazil edib və yekunda da Allaha tərəf dönəcəyik. Biz haradayıq? haradan gəlmişik?, hara gedəcəyik? sualları həll olunmasa, nə etməlimizi müəyyən edə bilmərik.

Bu ayə bizə aydınladır ki, Rəbbimizdən gəlmişik və Rəbbimizə doğru də hərəkətdəyik. Bütün varlıq aləmi Rəbbə doğru hərəkətdədir. Bir insandır ki, iradə və seçim ilə bu hərəkəti edə bilir. Bütün varlıq aləmi o nizamın içərisində təsbihatını deyir. Bütün yaradılış aləmi bir nizam daxilində hərəkət edir. Mikro-aləmdən tutmuş, makro-aləmə qədər bütün yaradılmışlar Allahın izni ilə Ona doğru hərəkətdədir. Bütün aləmlərin Rəbbidir Allah. Hər biri dəqiqliklə, hesab-kitabla hərəkətdədir.

Özümüz, öz varlığımız da bu hərəkətin içərisindədir. Qan bir cür dövran edir, ürək bir cür döyünür, qulaq bir cür, göz bir cür öz funksiyasını yerinə yetirir... Bütün bunlara insan diqqət etdikcə, bu kimi mövzuları kəşf etdikcə insan görür ki, varlıq aləmində hər bir şey eşqlə kamala doğru hərəkətdədir, burada dəqiq nizam-intizam var.

Amma Allah Təala insanı bütün varlıq aləminin içində yaradılışın əşrəfi qərar verir və ona bu təkamülü iradəvi keçmək imkanı tanıyır. İnsanın imkanı var ki, ən aşağı həddən ən uca yerə qədər ucalsın.

Uca Allah bizi yer üzərində öz xəlifəsi qərar verib. Yaradılış aləminin içərisində ən böyük potensiallı varlıq insandır. Allah bizləri şərəfləndirib.

Ancaq bilmək və tanımaq bəs etmir

Ayə ilə bağlı ikinci toxunulmalı nöqtə budur ki, insanın tək eşitməsi kifayət etmir.  Bəzən insan çox şeyləri eşidir, amma onlara əhəmiyyət vermir. Amma ayədə eşitmək və itaət etmək yanaşı gəlir. Yəni, bizlər Allahın əmrini, çatdırışını eşidirik, qəbul edirik, anlayırıq, fərqinə varırıq və itaət edirik. Eşitməkdən itaət etməyə keçmək üçün anlama, dərketmə, bəsirət lazımdır. Allah bizə bu zümrəyə daxil olmağı nəsib  etsin!

Eşidib anlama və Allaha itaət olandan sonra, insanda Allahdan bağışlanma istəmə ruhiyyəsi də yaranar. Tövbəli ruhiyyə, iman və itaət bir yerdə olanda, insanın təkamülü baş verir. Ancaq bilmək və tanımaq bəs etmir. Nə çox bilən və tanıyan. Amma o bilmə və tanıma ki, Allaha itaətə gətirir - bu, bəsirət sayılır.

Ayə ilə bağlı təfsirşünasların çıxardığı bir neçə dərslərə diqqət edək. Əvvəla, ayədə də öz təzahürünü tapdığı kimi, hər məktəbin başçısı, banisi, onun önündə gedən - o məktəbin keyfiyyətlərini özündə ən çox cilvələndirəndir. Əziz Peyğəmbərimiz (s) İslamın, Quranın ən bariz, parlaq nümunəsidir. Əziz Peyğəmbərin (s) varlığı - İlahi vəhyin, İlahi Kitabın ən bariz cilvələnməsidir.

İkinci tərəfdən - din maarifçisi, mübəlliği, ruhanisi, minbərdə olan, dini çatdıran müəllim, dini yayan və çatdıran imanlının gərək özünün bu dinə, məktəbə imanı və etiqadı olsun. Peyğəmbərvari (s), Əhli-Beyt (ə) kimi olmaq lazımdır. Peyğəmbər (s) və Əhli-Beyt (ə) özləri iman gətirmişdi, ən dərin etiqadları var idi və bunu yaşadırdılar. Əgər deyilsə ki, hanı İslam? Cavabı budur ki, İslam - yəni Peyğəmbərimiz (s), Əhli-Beyt (ə) və onların yolunu gedən Allah dostları.

Bağışlanmanın müqəddiməsi

Üçüncü mühüm dərs budur ki, İlahi kitablar, Qurani-Kərim bizim tərbiyə olunmağımız üçün gəlib. Ayədə Qurani-Kərimin Allah tərəfindən göndərildiyi və Allahın rəbbaniyyətinə işarə olunmaqla, onun bizi tərbiyə etmək üçün göndərilməsinə vurğu edilib. Mübarək Allah Kitabı - Quran bizim tərbiyəmiz üçün gəlib.

Bütün peyğəmbərlərin (ə) hamısının hədəfi eyni olub, hamısı Rəbb tərəfindən gəlib. Onların (ə) hədəfi bu olub ki, insanları təkamülə çatdıralar. Həzrət Adəmdən (ə) Həzrət Rəsulallaha (s) qədər bütün peyğəmbərlərin (ə) missiyası bu olub. Ona görə də imanlı şəxs bütün kitablara və bütün elçilərə (ə) iman gətirməlidir. Bu, İslamın imtiyazıdır ki, özündən öncə olan bütün dinlərə və peyğəmbərlərə (ə) iman gətirməyə çağırır. Təbii ki, onların təhrif olunmamış durumlarına iman gətirilməlidir.

Beşinci dərs budur ki, Allah tərəfindən bağışlanmağın yolu - imandan və əməldən keçir. Ayədə də görürük ki, Allahdan bağışlanma istəməzdən öncə deyirik ki, eşitdik, anladıq, qəbul etdik, iman gətirdik və itaət etdik. Ona görə də, Allahın bağışlamasının müqəddiməsi - iman və əməldir.

İman və əməllə yanaşı, ümid də olmalıdır. Bütün Qurani-Kərim bizlərə ümid çatdırır. Bu ayədə də Allahın bağışlamasına ümidimizin olması iqrar edilir. Ümid bir imanlı insan üçün hər zaman diri olmalıdır.

Mühüm nöqtələrdən biri də budur ki, Allahın bağışlaması da Onun rəbbliyinin, tərbiyə üslublarından biridir. Biz Rəbbimizə müraciət edərək Ondan bağışlanma istəyirik. Amma, öncə eşitmək, anlamaq, etiqad etmək, əməl etmək, sonra bağışlanma istəmək olmalıdır.

Uca Allah bizlərə, bağışlananlardan olmağı nəsib etsin!

Allahım! Sənin yolunda olmaq lütfünü bizlərə inayət et! Amin!