Həzrət Mühəmməd Peyğəmbərin (s) də aid olduğu Haşim soyundan olanların hamısı seyid sayılsa da, ənənəyə görə Peyğəmbərin nəslindən olanlar xalq içində seyid kimi tanınırlar. İslam şəriətində seyidlərin hüquq və vəzifələri bəzi qaydalarla tənzimlənir. Seyidlik cəmiyyət içində insana imtiyaz və hörmət gətirdiyi kimi həm də onun öhdəsinə məsuliyyətlər qoyur. Şəriət baxımından seyidlik kişi (ata) xətti ilə ötürülür. Bir şəxsin atası seyiddirsə, onun bütün övladları da seyid sayılır – istər oğul, istərsə də qız övladları. Seyid atanın qızları da seyiddirlər. Amma seyidlik onların övladlarına ötürülmür. Yəni bir şəxsin özü seyiddirsə, qız və oğlan övladları da seyid sayılır, amma qızı qeyri-seyidə ərə getsə, onların övladı seyid hesab edilmir. Bu cür şəxslərə seyidlərə aid olan hökmlər (məsələn, xümsdəki seyid malı, fitrə zəkatının hökmləri) şamil olmur. Adın əvvəlində “Seyid”, “Mir”, “Ağa” kəlmələri həmin şəxsin seyid olduğunu göstərir. Keçmişdə anası seyid olanları əsl seyidlərdən fərqləndirmək üçün onlara “Mirzə” deyilirdi.
islam.az