Müxtəlif dinlərdə və məzhəblərdə bu məsələyə baxış fərqlidir. Bəzi inanc sistemlərində Allahın hər şeydən öncə işığı, sözü, ağılı, yeri və göyü və ya suyu yaratdığı deyilir. İslam dinində iki nəzəriyyəyə üstünlük verilir. Əsasən əhli-sünnə məzhəbinə görə ilk yaradılan şey bütün hadisələri yazan və Allahın atributu olan Qələmdir. Bu nəzəriyyəyə görə, Allah Qələmdən sonra Lövhi-məhfuzu yaratmış və hər şeyi orada qeyd etmişdir. Əsasən şiə məzhəbinin və sufi təriqətlərinin müdafiə etdiyi ikinci nəzəriyyəyə görə isə, Allah hər şeydən əvvəl Özünün ən sevimli bəndəsi Muhəmməd Peyğəmbərin (s) nurunu yaratmışdır. Bu zaman yer üzündə heç bir canlı, hətta Peyğəmbərin (s) özünün və ilk insan olan Adəmin (ə) bədənləri yaradılmamışdı. Allah Nuri-Muhəmmədini iki yerə bölmüş, yarısından məsumların nurunu (peyğəmbər və imamları), yarısından isə qalan insanları xəlq etmişdir. Bir daha xatırladırıq ki, bu kimi məsələlər metafizik mahiyyətə malikdir və onlara verilən şərhlər də fərqlidir.
Allah varlıq aləmində ilk olaraq nəyi yaradıb?
