İslam dini baxımından Allah-taala insanları doğru yola yönəltmək üçün müxtəlif dövrlərdə peyğəmbərlər (ə) göndərmişdir. Bəs əgər Allah birdirsə və həqiqət də birdirsə, nə üçün tarix boyu müxtəlif dinlər mövcud olmuşdur?
Nə üçün Allah bütün insanlara yalnız bir din göndərməmişdir?
Şiə məktəbinin dünyagörüşünə əsasən, bu sualın cavabı Allahın hikmətində, insanların ehtiyaclarında və bəşəriyyətin tədricən inkişaf etməsində gizlidir.
İlk növbədə qeyd etmək lazımdır ki, Allahın göndərdiyi ilahi dinlərin əsası birdir. Bütün peyğəmbərlər (ə) insanları vahid Allaha ibadət etməyə, ədalətə, xeyirxahlığa və mənəvi paklığa dəvət etmişlər. Həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s) peyğəmbərlərin dəvətinin əsasını tövhid təşkil etmişdir. Allah Quranda buyurur: Şübhəsiz, Allah yanında (haqq olan) din İslamdır. (Ali-İmran, 19).
Burada İslam yalnız Həzrət Məhəmmədin (s) gətirdiyi şəriət mənasında deyil, daha geniş mənada Allaha təslim olmaq və Onun əmrlərinə itaət etmək həqiqətidir.
Bəs onda dinlər arasındakı fərqlər nədən qaynaqlanır?
Şiə alimlərinin izahına görə, bəşəriyyət tarix boyu eyni səviyyədə olmamışdır. İnsanların ictimai həyatı, düşüncə qabiliyyəti və ehtiyacları, zaman keçdikcə dəyişmişdir. Buna görə də Allah hər dövrün tələblərinə uyğun hökmlər və şəriətlər göndərmişdir. Məsələn, Həzrət Musanın (ə) şəriəti ilə Həzrət İsanın (ə) şəriəti, eləcə də sonuncu peyğəmbər Həzrət Məhəmmədin (s) gətirdiyi şəriət arasında bəzi hökmlər baxımından fərqlər olmuşdur. Lakin bu fərqlər onların ilahi mənbəyinin fərqli olması demək deyildir.
Digər mühüm məsələ isə, insanların ilahi təlimləri zamanla dəyişdirməsidir. Şiə etiqadına əsasən, Allahın göndərdiyi ilkin vəhy həqiqətdir, lakin bəzi insanlar öz şəxsi mənafelərinə, siyasi məqsədlərinə və yanlış düşüncələrinə görə dini təhrif etmişlər. Qurani-Kərimdə bəzi insanların kitabı öz əlləri ilə yazıb, sonra onu Allah tərəfindən göndərilmiş kimi təqdim etmələri tənqid olunur (Bəqərə, 79).
Bəs nə üçün sonuncu din olaraq İslam göndərilmişdir?
Həzrət Məhəmməd (s) sonuncu peyğəmbərdir və onun gətirdiyi din Qiyamət gününə qədər bəşəriyyətin hidayəti üçün nəzərdə tutulmuşdur. Çünki İslam əvvəlki peyğəmbərlərin (ə) gətirdiyi tövhid və əxlaq prinsiplərini təsdiq etmiş, eyni zamanda insan həyatının müxtəlif sahələrini əhatə edən kamil bir şəriət təqdim etmişdir.
Bu mərhələdə Əhli-beytin (ə) rolu da xüsusi əhəmiyyət daşıyır. Şiə etiqadına görə, Allah Həzrət Məhəmməddən (s) sonra dini qorumaq, Quranın düzgün izahını vermək və insanlara doğru yolu göstərmək üçün imamları (ə) təyin etmişdir. On iki imam (ə) peyğəmbər deyil, peyğəmbərin (s) elminin və dini təlimlərinin qoruyucuları və izahçılarıdır.
Nəticə etibarilə, Allahın müxtəlif dövrlərdə fərqli şəriətlər göndərməsi ziddiyyət deyil, Onun hikmətinin və insanları mərhələli şəkildə kamilliyə çatdırmasının təzahürüdür. Əslində, Allah müxtəlif həqiqətlər deyil, eyni ilahi həqiqətin müxtəlif dövrlərə uyğun hökmlərini göndərmişdir. Sonuncu və kamil din olan İslam isə bu ilahi hidayət yolunun tamamlanmış mərhələsidir.
Deməli, dinlərin müxtəlifliyi Allahın birliyinə zidd deyil; əksinə, bəşəriyyətin tarix boyu ilahi hidayətə olan ehtiyacının müxtəlif mərhələlərdə qarşılanmasının nəticəsidir.
Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev
