Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.
O ilahi mesajlardan biri də budur ki, ilahi təqvaya sahib olaraq çətinliklərə qələbə çala bilərik.
« مَنْ یَتَّقِ اللَّهَ یَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ یُسْرا »
“Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər” (Təlaq, 4).
« مَنْ یَتَّقِ اللَّهَ یَجْعَلْ لَهُ مَخْرَجاً »
“Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar” (Təlaq, 2).
Çətinliklər və problemlərlə birlikdə olan bu dünyada onların insana asan olmasının yolu Qurana görə ilahi təqvadır. Yəni hər kim təqvalı olsa, çətinliklər ona asan gələr. Həmçinin təqvalı olan şəxs, dünyada bağlı qapılarla qarşılaşdığı zaman Allahın lütfü ilə bir çıxış və nicat yolu tapar.
Peyğəmbər (s) belə buyurmuşdur:
« إِنِّی لَأَعْلَمُ آیَةً لَوْ أَخَذَ بِهَا النَّاسُ لَکَفَتْهُمْ وَ مَنْ یَتَّقِ اللَّهَ الْآیَةَ فَمَا زَالَ یَقُولُهَا وَ یُعِیدُهَا »
“Mən bir ayə bilirəm ki, insanlar ona əməl etsələr (problemlərini həll etməkdə) onlara kifayət edər və o ayə belədir: “Kim Allahdan qorxarsa...”; Peyğəmbər (s) daima bu ayəni oxuyardı və təkrar edərdi” (Nurus-Səqəleyn təfsiri, cild 5, səh 357).
Deməli, insan həyatının bütün sahələrində məsələn, iqtisadi, elmi, peşə, tərbiyəvi, əxlaqi və s. çıxılmaz vəziyyətdən çıxış yolu ilahi təqvadır.
Amma qeyd etməliyik ki, bunun mənası o deyil ki, ticarət edib və qazanc əldə etmək üçün zəhmət çəkməməliyik. Necəki, hədislərdə belə zikr olunub:
“Əl-Kafi” kitabında bu ayə {Və kim Allahdan qorxarsa} zikr olunduqdan sonra Əli ibn Əbdül-Əzizdən rəvayət olunur ki, İmam Sadiq (ə) məndən Ömər ibn Müslim haqqında soruşdu, dedim ki, o, ticarəti tərk edib, evində ibadətlə məşğul olub. Həzrət buyurdu: “Vay halına, kim ticarəti tərk edərsə, Allah onun duasını qəbul etməz”. Yuxarıdakı ayə nazil olanda Peyğəmbəri-Əkrəmin (s) səhabələrindən bir dəstəsi öz evlərində oturub qapıları öz üzərlərinə bağlayıb ibadətlə məşğul olub “Allah bizə kifayət edər” dedilər. Bu xəbər Allah Rəsulunun (s) mübarək qulağına çatdı və o Həzrət onları hüzuruna gətirilməsini istədi. Həzrət Peyğəmbər (s) onlara buyurdu: Sizi ticarəti tərk etməyə nə vadar etdi? Dedilər ki, ey Allahın Rəsulu (s), Allah bizim ruzimizi öhdəsinə götürüb. Buna görə biz də ibadətlə məşğul olduq. Həzrət buyurdu: “Hər biriniz ticarəti tərk edib ibadətlə məşğul olsa, Allah onun duasını qəbul etməz”.