Təməttö ziyarəti həcc mövsümündə əvvəlcə ümrə yerinə gətirilərək, ehramdan çıxılaraq, sonra yenidən həcc üçün ehrama girməklə həyata keçirilən ziyarət növüdür.
“Əl-Qüds Əl-Ərəbi” internet saytının verdiyi məlumata görə, Nazirlik bəyanat yayaraq, builki həcc mövsümündə zəvvarlara xidmət göstərmək üçün səylərini və hazırlıqlarını gücləndirdiyini açıqlayıb.
Bununla bağlı bildirilib ki, zəvvarların havaların temperaturunun artması ilə əlaqədar istidən əziyyət çəkməməsi, dinc və rahat şəkildə dini vəzifələrini yerinə yetirmələrini təmin etmək üçün ehtiyat tədbirlərini artırıblar.
Nazirlik zəvvarları Ərəfə günü saat 10:00-16:00 arasında çadırlarında qalmağa, günəşdən və şiddətli istidən qorunmaq üçün Cəbəli Rəhmət (Rəhmət Təpəsi) və Nimrə məscidinə getməməyə çağırıb.
Nazirlik onu da vurğulayıb ki, zəvvarlar müqəddəs yerlər arasında səyahətin heç bir mərhələsində səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş plandan kənara çıxmamalıdırlar.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi müqəddəs yerlərə getmək üçün təsdiq edilmiş nəqliyyat vasitələrindən istifadə edilməli olduğunu və müəyyən edilmiş müddət ərzində məkanlar arasında piyada getməkdən çəkinməli olduğunu vurğulayıb.
Səudiyyə Meteorologiya Mərkəzi bu il Məkkədə temperaturun 50 dərəcəni keçəcəyini açıqlayıb.
Ötən il müxtəlif ölkələrdən olan 1300-ə yaxın zəvvar Həcc ziyarəti zamanı temperaturun 50 dərəcədən yuxarı qalxması nəticəsində bir həftə ərzində dünyasını dəyişib.
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi cümə günü bildirib ki, həcc mövsümü başlayandan bəri 25 istivurma hadisəsi qeydə alınıb.
Səudiyyə Ərəbistanı Pasport Baş İdarəsi, cümə gününün sonuna kimi xaricdən ölkəyə hava, quru və dəniz yolu ilə daxil olan zəvvarların ümumi sayının 1 milyon 396 min 644 nəfərə çatdığını açıqlayıb.