“Əş-Şuruq” saytının verdiyi xəbərə görə, Katolik Kilsəsinin Papası Papa 14-cü Leo Müsəlman Alimlər Şurasının baş katibi Məhəmməd Əbdüs-Salamı qəbul edib.
Baş katib Müsəlman Alimləri Şurasının sədri və Əl-Əzhər şeyxi Şeyx Əhməd Tayyibin və Şura üzvlərinin təbrik məktubunu Roma Papası 14-cü Leoya çatdırıb.
O bildirib ki, Roma Papasının rəsmi andiçmə mərasimindəki çıxışında sülhə, sevgiyə və birliyə can atmağın, nifrət və zorakılığa qarşı durmağın, müharibələrə və münaqişələrə son qoymağın, yoxsullara dəstək olmağın vacibliyi haqqında dediyi sözlər dünyanın bütün xeyirxah və sülhsevər insanları arasında müsbət ab-hava yaradıb.
Məhəmməd Əbdüs-Salam sülh və dialoqun geniş vüsət alacağına, müharibə və münaqişələrə son qoyulacağına ümid etdiyini bildirib.
Papa 14-cü Leo da Şeyx Əhməd Əl-Tayyibin Katolik Kilsəsinin rəhbəri seçilməsi münasibətilə göndərdiyi təbrikdən məmnunluğunu ifadə edərək, dialoq və kommunikasiya körpülərinin qurulması, birgəyaşayış, tolerantlıq və insan qardaşlığının təşviqi istiqamətində birgə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildirib.