Axtar

Qurani-Kərimdə və hədislərdə deyilən “Allaha borc vermək” deyərkən nə nəzərdə tutulur?

  • Paylaş:
Qurani-Kərimdə və hədislərdə deyilən “Allaha borc vermək” deyərkən nə nəzərdə tutulur?

Qurani-Kərimdə buyurulur: “Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?!” (Bəqərə, 245). Əlbəttə ki, insan Allaha borc verə bilməz. Allah- t ala bu ayədə bir insanın başqasına borc verməsini sanki Ona borc vermək kimi təqdim edir. Başqasına borc vermək o qədər gözəl əməldir ki, bunu edən sanki Allaha borc verər. Ayədə “borc” kəlməsi ilə yanaşı “həsənə” sözü də işlədilib, yəni yaxşı borc, xəsislik etmədən, minnət qoymadan, güzəşt və mərhəmətlə borc vermək. Allah vəd verir ki, hər kim deyilən şəkildə, yəni yaxşı (gözəl) borc versə, onun mükafatını bir neçə qat artıq şəkildə Ondan alacaq. Uca Yaradan sanki bizə demək istəyir ki, borc verdiyiniz miqdardan artığını almağı sizə qadağan etmişəm; bu, ribadır (sələmdir). Amma borcunuzun artığını, hətta bir neçə qatını Məndən alacaqsınız; bir şərtlə ki, Allahın istədiyi şəkildə yaxşı borc verəsiniz. Qurani-Kərimin yalnız bu ayəsində deyil, digər beş ayəsində də “qərz əl-həsənə” (yaxşı borc) ifadəsi işlədilib (Hədid, 11 və 18; Təğabun, 17; Müzzəmmil, 20).