Axtar

Qurani-Kərimdə təvəkkülün mənası

  • Paylaş:
Qurani-Kərimdə təvəkkülün mənası

Bildirilib ki, təvəkkül, termində Allaha xatircəm olmaq, insanlardan ümidini kəsmək, Allaha təslim olmaq və yalnız Ona güvənməkdir. “Təvəkkül” kəlməsinin işləndiyi ayələrin mövzuları üzərində düşünməklə Ona arxalanan şəxsdə müəyyən rəftar və xüsusiyyətlərə nail olunduğu müşahidə edilir.

Birincisi, Allahın qüdrəti, hökmranlığı, rəhməti, elmi və mütləq agah olması kimi həqiqətlərə inanmaq, ikincisi, iman, təslimiyyət, təvəkkül, təqva, səbir kimi bəzi xüsusiyyətlərin meydana çıxması. Bütövlükdə, təvəkkül edən fərddə bu əqidə və xüsusiyyətlərin mövcudluğu bəndə ilə Uca Allah arasında təvəkkül adlanan xüsusi bir münasibət formalaşdırır.

Deməli, təvəkkül yalnız Allahın qüdrətinə və elminə inam, etibar və güvənməkdir. İnsanlardan və ya hər hansı digər müstəqil səbəbdən ümidsiz olmaqdır. Buna əsasən, mütəvəkkil hər şeyin Allahın əlində olduğunu və Onun bütün işlərində zamin olduğunu bilən və buna görə də yalnız Ona təvəkkül edən kimsədir. “Əl-Mizan” təfsirinin müəllifi də təvəkkülə öz işlərini Allaha həvalə etmək, Onun iradəsini qəbul etmək və işləri idarə etməkdə Onu öz nümayəndəsi etmək kimi tərif verir.  Bu, Allahın iradəsini öz iradəsindən üstün tutmağı və Onun əmrlərinə əməl etməyi tələb edir.

Əlbəttə, təvəkkül zahiri səbəbləri aradan qaldırmaq deyil, əksinə, bu səbəblərə olan təvəkküldən imtina etmək və bütün səbəblərin mənbəyi olan Allaha təvəkkül etməkdir. Məsələn, Musa peyğəmbər (ə) öz qövmünə belə demişdir: “Musa dedi: “Ey insanlar, əgər Allaha inanırsınızsa, müsəlmansınızsa, Allaha təvəkkül edin” (Yunis, 84). Bu ayədə əvvəlcə təvəkkülü imanla şərtləndirir, sonra isə başqa bir şərtlə, yəni İslamla sözünü yekunlaşdırır. Həqiqət budur ki, mömin əvvəlcə öz Rəbbinin məqamı ilə qısaca tanış olur və Onun bütün səbəblərdən üstün səbəb olduğuna və dünya işlərinin bütün idarəçiliyinin Onun əlində olduğuna inanır. Bu iman və etiqad onu öz işlərini Allaha təslim etməyə və başqa zahiri şeylərə əsla güvənməməyə məcbur edir. Təslim olmaq möminin tamamilə Allaha təvəkkül etməsini tələb edir.