Axtar

Peyğəmbərin adını çəkdikdən sonra ona salavat söyləmək ənənəsinin kökü varmı?

  • Paylaş:
Peyğəmbərin adını çəkdikdən sonra ona salavat söyləmək ənənəsinin kökü varmı?

İslam ənənəsinə görə, Həzrət Mühəmməd Peyğəmbərin (s) adı çəkilərkən həm adını çəkən şəxs, həm də eşidənlər salavat söyləyirlər. Yalnız Peyğəmbərin adını söyləyəndə və eşidəndə deyil, sair şəraitlərdə də salavat demək böyük savabdır. Qurani-Kərimdə salavatın vacibliyi və əhəmiyyəti barədə belə buyurulur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlayın!” (Əhzab, 56). Peyğəmbərin adı yazılandan sonra da ya bütöv, ya da qısa şəkildə salavat yazıya alınır. Peyğəmbərə salavat söyləmək o qədər mühümdür ki, hətta namazda da bu iş tərk edilmir. Şəhadətdə o həzrətin adı çəkildikdən dərhal sonra ona və nəslinə salavat göndərilir. Hətta şafii məzhəbinin banisi İmam Şafii salavatsız namazın batil olduğuna fətva vermişdi. Salavat zamanı Peyğəmbərin nəslini də buna şərik etmək lazımdır. Peyğəmbər buyurub: “Mənə naqis salavat göndərməyin”. “Naqis salavat nədir?” – deyə soruşduqda həzrət belə cavab verdi: “Allahım! Mühəmmədə Sənin salavatın olsun” – deyib, susmaqdır. Gərək belə deyəsiniz: “Allahım! Sənin salavatın olsun Mühəmmədə və Mühəmmədin nəslinə!” (İbn Həcər Heysəmi. Əs-Səvaiqül-mühriqə, səh. 128-129).