Ramazan ayı imanı gücləndirmək, nəfsi saflaşdırmaq, qəzəb və narahatlıq kimi mənfi duyğuları cilovlamaq üçün bir fürsətdir. Bu ayda oruc tutmaq təkcə yemək-içməkdən çəkinmək deyil, həm də rəftar, danışıq və hətta düşüncələrə nəzarət etməkdir. Qurani-Kərim bir çox ayələrdə qəzəb və narahatlığı cilovlamağın vacibliyindən bəhs edir və bu duyğuları idarə etmək üçün həll yolları təqdim edir. Məsələn, “Ali-İmran” surəsinin 134-cü ayəsində Allah-taala buyurur: “O kəslər ki, rahatlıqda da, çətinlikdə də xərcləyirlər, qəzəbini boğar və insanları bağışlayarlar.” Bu ayə qəzəbi cilovlamağın vacibliyini açıq şəkildə vurğulayır və bunu yaxşılıq və təqva əlaməti hesab edir. Ramazan ayında oruc tutanlar sərt reaksiya vermək əvəzinə səbir və dözümlülük nümayiş etdirə, qəzəblərini cilovlaya, başqalarının səhvlərini bağışlaya bilərlər.
Oruc insana yemək, içmək və digər maddi şeyləri məhdudlaşdırmaqla nəfsi istəklərini idarə etməyi öyrədir. İnsan gün ərzində yeyib-içməkdən çəkinəndə, əslində, özünü idarə edir. Bu məşq təkcə fiziki deyil, həm də zehni və emosional cəhətdən təsirlidir. Oruc tutan insan qəzəb kimi mənfi duyğulara qarşı durmağı öyrənir. “Bəqərə” surəsinin 183-cü ayəsində Allah buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə təqvalı olasınız!” Bu ayədə təqvadan istifadə olunması göstərir ki, orucun əsas məqsədi təqva və pərhizkarlıqqdır ki, onun mühüm bir hissəsi duyğu və davranışları idarə etməyə yönəlib.
Nəticə etibarı ilə Ramazan, səbri gücləndirərək qəzəbi idarə etmək üçün bir fürsətdir. Qurana görə, orucun bəhrəsi təqvadır və təqva da qəzəb kimi bəzi mənfi duyğuları cilovlamağa kömək edir.