Bəqi İslamdan əvvəl də Yəsrib camaatının qəbristanlığı idi. Mədinə müsəlman şəhərinə çevrildikdən sonra (hicrətdən sonra) da bura məzarlıq olaraq qaldı. Bəqidə dəfn olunmuş ilk müsəlmanın kim olması barədə fikir ayrılıqları vardır. Bəzi rəvayətlərə görə, bu, İslamın Mədinədə yayılmasında böyük əməyi olmuş, İslam tarixində ilk cümə namazına imamlıq etmiş Əsəd ibn Zürarədir. Başqa bir nəzəriyyəyə görə, Bəqidə dəfn olunmuş ilk müsəlman məşhur səhabə Osman ibn Məzun hesab edilir. Bəqi ərazisində torpağa tapşırılmış məşhur şəxsiyyətlərdən bəziləri bunlardır: Peyğəmbərin Mariyeyi-Qibtiyyədən olan oğlu İbrahim, Peyğəmbərin nəvəsi İmam Həsən (ə), dördüncü, beşinci və altıncı imamlar Həzrət Zeynül-abidin (ə), Mühəmməd Baqir (ə) və Cəfər Sadiq (ə), Peyğəmbərin qızları Rüqəyyə, Ümmi-Külsum və Zeynəb, Peyğəmbərin bibiləri Səfiyyə və Atikə, Peyğəmbərin əmisi Abbas, İmam Əlinin (ə) qardaşı Əqil, anası Fatimə bint Əsəd, oğlu Mühəmməd ibn Hənəfiyyə, qardaşı oğlu Abdullah ibn Cəfər, Peyğəmbərin həyat yoldaşları Aişə, Ümmi-Sələmə, Sövdə, Həfsə, Səfiyyə, Zeynəb bint Xüzeymə, Zeynəb bint Cəhş, Cüveyriyyə, Ümmi-Həbibə, Mariyeyi-qibtiyyə və Meymunə, Peyğəmbərin süd anası Həlimeyi-Sədiyyə, məşhur səhabələrdən Abdullah ibn Məsud, Əbu Səid Xüdri, Səd ibn Məaz, Osman ibn Məzun, Ühüd savaşında yaralanıb Mədinədə vəfat edən səhabələr, üçüncü xəlifə Osman ibn Affan, İmam Cəfər Sadiqin (ə) oğlu İsmail, maliki məzhəbinin banisi Malik ibn Ənəs və b. 1925-cı ildə Səud sülaləsi Ərəbistanda hakimiyyəti ələ keçirdikdən sonra Bəqi qəbristanlığındakı bütün məzarların başdaşılarını və türbələri dağıtmışdır.
Mədinədəki Bəqi məzarlığında ilk dəfn olunmuş şəxs kimdir? Burada kimlərin məzarı yerləşir?
