“Əcəm” sözü “ərəb”in qarşılığı olaraq işlədilir. Ərəblər öz millətlərindən olmayan hər kəsə əcəm deyirdilər. Belə ki, erkən dini mənbələrdə fars və türk millətindən olanlar da əcəm adlandırılırdı. Əsl İslam nöqteyi-nəzərindən bu seçim şərti xarakter daşıyır. Çünki ərəblə əcəm bir-biri üzərində heç bir üstünlüyə malik deyil. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub ki, Allah yanında nə ərəbin əcəm üzərində, nə də əcəmin ərəb üzərində üstünlüyü var. Allahın hüzurunda insanlar milli mənsubiyyətlərinə, əsil-nəsəblərinə görə deyil, imanlarına və təqvalarına görə seçilirlər (Hücürat, 13). İslamdan əvvəl ərəblər özlərini bütün millətlərdən üstün sayır və əcəmlərə yuxarıdan aşağı baxırdılar. Qurani-Kərimdə buyurulur: “Əgər onu (Quranı) əcəmlərdən birinə nazil etsəydik və o, Quranı onlara (müşriklərə) oxusaydı, ona iman gətirməzdilər” (Şüəra, 198-199). Ayələrin mənası budur ki, əgər Allah qeyri-ərəb bir şəxsi peyğəmbər seçib ona Quranı nazil etsəydi, ərəblər milli təəssübkeşlik üzündən onun peyğəmbərliyini qəbul etməz və oxuduğu Quranı dinləməzdilər. Amma müşriklərin inadkarlığı o dərəcədədir ki, öz millətlərindən və şərəfli nəsildən olan Mühəmmədi (s) də qəbul etməkdən boyun qaçırırlar.
Kimlərə əcəm deyilir?
