İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi bu il ərzində Kərbəlanın İslam Dünyasının Turizm Paytaxtı kimi namizədliyi üçün lazımi sənədləri hazırlayacaq.
İraq Turizm Təşkilatının rəhbəri Nasir Ğanim Murad bildirib ki, Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi Kərbəlanın İslam Dünyasının Turizm Paytaxtı seçilməsi üçün sənədləri hazırlayır.
O qeyd edib ki, bu məqsədlə Baş nazir Məhəmməd Şiya əs-Sudani tərəfindən ali komitə yaradılıb. Komitəyə mədəniyyət naziri rəhbərlik edir, baş nazirin müşaviri Ömər Əl-Ələvi nəzarət edir. Komitəyə həmçinin turizm, yoxlama və təqib idarələrinin və Kərbəla Turizm İdarəsinin baş direktorları da daxildir.
Murad əlavə edib ki, bu komitə yaxın iki gün ərzində Kərbəla şəhərinə səfər edəcək və Kərbəla valisi ilə bu sənədlə bağlı tədbirləri razılaşdıracaq.
O bildirib ki, ötən il Ərbəin ziyarətində ziyarətçilərin sayı təxminən 20 milyon nəfərə çatıb və son iki ildə Kərbəlada dini turizm sahəsində əhəmiyyətli inkişaf və tərəqqi müşahidə olunub.
İraq Turizm Təşkilatının rəhbəri qeyd edib ki, Ərbəin ziyarətinə hazırlıq çərçivəsində Kərbəla valiliyi tərəfindən Kərbəla ilə Nəcəf arasında zəvvarların daşınması üçün terminalların yaradılması, eləcə də ətraf mühitin çirklənməsinin azaldılması məqsədilə genişmiqyaslı yaşıllaşdırma, çiçək və ağac əkmə kampaniyasının həyata keçirilməsi planlaşdırılır.