Axtar

İslam və Uşaq Tərbiyəsi

  • Paylaş:
İslam və Uşaq Tərbiyəsi

Uşaq tərbiyəsi İslam dinində ailənin və cəmiyyətin ən mühüm vəzifələrindən biri hesab olunur. Şiə məzhəbində uşağın mənəvi, əxlaqi və elmi inkişafı xüsusi əhəmiyyət daşıyır. Qurani-Kərim və Əhli-beyt (ə) hədisləri uşağın şəxsiyyətinin formalaşmasında valideynlərin məsuliyyətini vurğulayır. Bu məqalədə Şiə məzhəbinin qaynaqlarına əsasən İslamda uşaq tərbiyəsinin əsas prinsipləri araşdırılır.

İslam dini insanın tərbiyəsinə doğulduğu gündən deyil, hətta ailə qurulmasından əvvəl diqqət yetirir. Şiə alimlərinin fikrincə, sağlam ailə mühiti və düzgün dini-mənəvi dəyərlər əsasında yetişdirilən övlad gələcəkdə cəmiyyətin inkişafına töhfə verən şəxsiyyətə çevrilir. Buna görə də uşaq tərbiyəsi yalnız valideynlərin şəxsi işi deyil, həm də dini və ictimai məsuliyyətdir.
Uşaq Tərbiyəsinin Qurani-Kərimdə Əsasları
Qurani-Kərim valideynlərə övladlarını iman, əxlaq və təqva ruhunda yetişdirməyi tövsiyə edir. Allah-taala buyurur:
“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun.” (Təhrim, 6).
Bu ayə valideynlərin ailə üzvlərinin dini və mənəvi tərbiyəsinə cavabdeh olduğunu göstərir. Həmçinin Quranda Loğman peyğəmbərin oğluna etdiyi nəsihətlər (Loğman,13-19). Uşaqlara tövhid, namaz, gözəl əxlaq və təvazökarlığın öyrədilməsinin əhəmiyyətini vurğulayır.


Hədislərdə Uşaq Tərbiyəsi
Şiə mənbələrində uşaqların tərbiyəsi ilə bağlı çoxsaylı hədislər mövcuddur. Misal üçün hədislərin birində İmam Əli (ə) buyurur: Övladlarınıza yaxşı ədəb öyrədin, çünki onlar sizin yaşadığınız zamandan başqa bir zaman üçün yaradılmışlar.
Bu hədis uşaqların dövrün tələblərinə uyğun şəkildə yetişdirilməsinin vacibliyini göstərir.
Həmçinin imam Cəfər Sadiq (ə) buyurur: Uşaq həyatının ilk yeddi ilində azad, ikinci yeddi ilində tərbiyə alan, üçüncü yeddi ilində isə valideyninin məsləhətçisi kimidir.
Bu hədis uşağın inkişaf mərhələlərinə uyğun tərbiyə metodlarının tətbiq edilməsinin zəruriliyini ifadə edir.


Əxlaqi və Dini Tərbiyənin rolu

Uşaq tərbiyəsinin əsas məqsədi Allahı tanıyan, Əhli-beytə (ə) məhəbbət bəsləyən, yüksək əxlaqa sahib insan yetişdirməkdir. Doğruluq, ədalət, mərhəmət, səbir və təqva kimi xüsusiyyətlər uşağa ilk növbədə ailə mühitində aşılanmalıdır. Valideynlərin davranışı uşaqlar üçün ən təsirli tərbiyə vasitəsidir. Buna görə də İslam valideynlərin öz əməlləri ilə nümunə olmasını tövsiyə edir.

Bütün deyilənləri nəzərə alaraq, deyə bilərik ki, uşaq tərbiyəsi insanın dünya və axirət səadətinin əsas şərtlərindən biridir. Qurani-Kərim və Əhli-beyt (ə) hədisləri göstərir ki, valideynlər övladlarının dini, əxlaqi və elmi inkişafına xüsusi diqqət yetirməlidirlər. Sevgi, mərhəmət, düzgün təlim və mənəvi dəyərlər əsasında formalaşan tərbiyə sağlam ailənin və güclü cəmiyyətin təməlini təşkil edir. Beləliklə, İslamda uşaq tərbiyəsi yalnız bir ailə vəzifəsi deyil, həm də ilahi bir əmanətin qorunması məsuliyyətidir.

 

Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev