Qurani-Kərimin ayələrindən belə nəticəyə gəlmək olur ki, insan xilqətindən sonra ən böyük nemət - danışmaq nemətidir.
"(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı.
Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə İlahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)". ("Rəhman" 3-4).
Qiyamət günü bəyan nemətinin məsuliyyətindən sual veriləcəkdir. "Məgər Biz ona iki (görən) göz vermədikmi?! Və (eləcə də) bir dil və iki dodaq (vermədikmi)?!". ("Bələd" 8-9).
Möcüzələr içərisində ən böyük möcüzə - Qurandır. Qurani-Kərim - söz nemətindən təşkil edilmiş möcüzədir. Quranın kəlamları o qədər təsiredicidir ki, kafirlər onu sehr adlandırırdılar. Bəzən də deyirdilər ki, Qurana qulaq asmayın, yoxsa sizi yolunuzdan azdırar.
Bəli, Quran kəlam nemətinin ən böyük möcüzəsidir. Hər kim Qurana qulaq asar və ya onu oxuyar - Allahın möcüzəsinin bir daha şahidi olar.
Danışmaq elə böyük nemətdir ki, Həzrət Musa (ə) peyğəmbər seçiləndən sonra Allahdan istəyir ki, ona səlis danışmaq dili versin. Buyurur: "Allahım, dilimdəki düyünü aç ki, sözlərimi başa sala bilim".
Bəli, danışmaq - böyük nemətdir, ancaq eyni zamanda məsuliyyətdir. Hər kim bu məsuliyyəti dərk edərsə, az danışar ki, az da günah etsin. Hər kim dilini kontrol etməzsə, nəhayət özünü cəhənnəm atəşində görər.