Bu gün mövcud olan 4 İncildən birində – İohan İncilində yazılıb ki, Həzrəti İsa (ə) öz həvariləri ilə son görüşü zamanı yemək süfrəsi arxasında belə söylədi: “Mən sizə düzünü deyirəm: mənim getməyim sizin üçün daha yaxşıdır. Çünki mən getməsəm, Təsəlliverici yanınıza gəlməyəcək. Əgər mən getsəm, onu sizə göndərərəm. O, gələndə dünyadakı günahları, yalanları və haqsız hökmləri ifşa edəcək… O, yəni həqiqət ruhu gələndə sizi həqiqətə doğru hidayət edəcək. Çünki o özündən danışmayacaq, yalnız eşitdiyini deyəcək və gələcək barədə xəbər verəcək” (XVI, 8-13). O biri İncillər kimi İohann İncilinin də əlimizdə olan ən qədim nüsxəsi Həzrəti İsa (ə) və şagirdlərinin danışdığı arami dilində yox, yunan dilindədir. İohann İncilinin yunanca mətnində işlənmiş “Paraklitos” sözü “təsəlliverici”, bəzən isə “müdafiəçi, vəkil” kimi mənalandırılır. Əslində isə “Paraklitos” sözü leksik baxımdan yunan dilinin tam ziddinədir və “Periklitos” kəlməsinin təhrif edilməsi nəticəsində yaranmışdır. İohann İncilinin ilkin yunan variantında “Periklitos” ifadəsi işlənmiş, sonralar məqsədli şəkildə dəyişdirilərək “Paraklitos” şəklinə salınmışdır. Yunan dilindən tərcümədə “Periklitos” (Periqlytos) kəlməsi “çox bəyənilmiş, çox təriflənmiş” mənasını bildirir. Bu sözün ərəb dilində qarşılığı “Əhməd”dir. Deməli, Həzrəti İsa (ə) həvariləri ilə vidalaşarkən, İslam peyğəmbərini ən məşhur ləqəbi ilə – “Əhməd” adlandırmış, onun insanlarla əbədi qalacağını (yəni şəriətinin əbədi olacağını), bəşəriyyəti doğru yola və həqiqətə sarı hidayət edəcəyini, günah və yalanların, haqsız hökmlərin iç üzünü açacağını, özündən deyil, Allah adından vəhylə danışacağını mücdələmişdir.
İncildəki “təsəlliverici” sözü kimə işarədir?
