Axtar

İmam Hüseynin (ə) qayıdışının (rəcətinin) təsirləri

  • Paylaş:
İmam Hüseynin (ə) qayıdışının (rəcətinin) təsirləri

İmam Sadiq (ə), İsra surəsinin bu ayəsinin təfsirində buyurur:

«ثُمَّ رَدَدْنا لَکُمُ الْکَرَّةَ عَلَیْهِمْ» – “Sonra sizi onlara qarşı qalib edəcəyik” (İsra: 6),

buyurmuşdur: “İmam Hüseyn (ə) 70 sədaqətli yoldaşı ilə birlikdə rəcət edəcək. Onların başında qızıl dəbilqələr olacaq. İki tərəfdən gələcəklər və insanlara xəbər verəcəklər ki, bu şəxs Hüseyndir (ə), o qayıtmışdır. Beləcə, heç bir mömin bu mövzuda şübhəyə düşməsin və zənn etməsin ki, o şəxs Dəccal və ya şeytandır. Hələ Həzrət Höccət ibn Həsən (ə) insanların arasındadır.

Möminlərin qəlbində bu həqiqət sabit olar ki, bu şəxs Hüseyndir (ə), o zaman Höccətin əcəli çatar və İmam Hüseyn (ə) onun bədənini qüsl verər, kəfənləyər, hənut edər və dəfn edər. Çünki vəsiyin cənazəsinin təchizinə yalnız başqa bir vəsi və imam icazəlidir.”

İmam Hüseynin (ə) sədaqətli yoldaşları ilə birgə qayıdış (rəcəti) inancı, Əhli-Beyt (ə) məktəbinin davamçılarının etiqad etdiyi bir məsələdir və bir sıra imani və əxlaqi təsirləri vardır:

Birinci nəticə: Bu düşüncə göstərir ki, İmam Hüseyn (ə) və yoldaşları tarixdə dəfn olunmayıb, onların karvanı Aşuradan sonra dayanmayıb. Əksinə, bu karvan İmam Hüseynin (ə) rəhbərliyi ilə yoluna davam edir və gələcəkdə bir məqamda yenidən rəcət edəcək.

İkinci nəticə (mərifət baxımından): Bu karvan diri və hazır bir karvandır, ölü deyildir. Buna görə də, hər zaman və hər ildə dünyadakı təmizfitrətli insanlardan bir qrupu bu karvana qoşulur. Bunun sübutu olaraq biz hər il müşahidə edirik ki, təmiz qəlbli insanlar İmam Hüseynə (ə) doğru meyil edirlər. Məhərrəm və Ərbəin bu həqiqətin canlı nümunəsidir.

Üçüncü nəticə: İmam Hüseynin (ə) rəcəti inancı Əhli-Beyt davamçılarına ümid verir və onları İmsm Hüseyn (ə) karvanına qoşulmaq üçün gözləmə halında saxlayır. Bu gözlənti, həm Aşura hadisəsinə olan dini cəmiyyətin baxışını islah edir, həm də nəticə etibarilə insanların davranış və əməllərinin islahına səbəb olur.

Başqa sözlə, bir mömin nə qədər çox bu inancı – İmam Hüseynin (ə) qayıdacağına olan inamı – qəlbində möhkəmləndirərsə, bir o qədər də öz əxlaq və davranışını islah etməyə çalışar. O şəxs bu düşüncə ilə ki, bir gün imam gələcək, çalışar ki, Əhli-Beytin (ə) düşmənlərinin əməllərindən uzaq olsun və dini dəyərlərə riayət etsin. Ola bilsin ki, bu şəkildə bir gün o da imamın rəcəti zamanı onun ordusunda yer alsın.