İmam Hüseynin (ə) Yezid rejiminə qarşı qiyamı İslam tarixində böyük və qəhrəmanlıq dolu bir hadisə idi və bu ad tarixdə əbədi olaraq qaldı. Bu böyük qiyamın banisi olan İmam Hüseyn (ə), Peyğəmbər Əkrəm (s) dövründə dünyaya göz açdı və Peyğəmbər (s) və onun atası Əmirəlmöminin Əlinin (ə) qoynunda tərbiyə olundu. Bu səbəbdən, hərçənd uşaq yaşlarında idi, amma Qurani-Kərim nazil olan dövrdə Rəsulullahın (s) yanında idi.
Qurani-Kərimin bəzi ayələri birbaşa İmam Hüseynin (ə) uca məqamına işarə edir, digər bəziləri isə elə məna və həqiqətləri bəyan edir ki, onların açıq-aşkar nümunəsi bu mübarək şəxsiyyətin zatında tapılır. Bu ayələrdən biri, “Məvəddət ayəsi”dir. Allah bu ayədə buyurur:
«قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِي الْقُرْبى»
“De: Mən sizdən risalətim (peyğəmbərliyim) müqabilində yalnız yaxın qohunlarımı sevmənizi istəyirəm”.(Şura/23)
Əhməd ibn Hənbəl, İbn Münzir, İbn Əbi Hatəm, Təbərani və İbn Mərduyə kimi hədisçilər, İbn Abbasdan nəql edirlər ki, bu ayə nazil olduqda səhabələr soruşdular: “Ey Allahın Rəsulu! Bizə məhəbbəti vacib olan bu yaxın qohumlar kimlərdir?” Peyğəmbər (s) buyurdu: “Əli (ə), Fatimə (s) və onların iki övladı Həsən (ə) və Hüseyn (ə)”.
Peyğəmbər (s) Əhli-beytinin (ə) fəzilətinə nazil olmuş başqa bir ayə isə Təthir ayəsidir:
«إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيراً»
“Allah yalnız siz Əhli-beytdən hər cür çirkinliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir” (Əhzab/33)
Şiə və sünni mənbələrində gələn çoxsaylı hədislərə əsasən, bu ayədəki “Əhli-beyt”dən məqsəd Fatimə, Əli, Həsən və Hüseyndir (ə). Məsələn, Peyğəmbərin (s) həyat yoldaşı Ümmü Sələmə nəql edir ki, Peyğəmbər (s) Fatiməyə (s) buyurdu: “Ərin və övladlarını yanıma gətir”. Hamı gələndə, Rəsulullah (s) onların üzərinə bir əbaya (örtük) çəkdi və bu ayəni tilavət etdi.
Mübahilə ayəsi də İmam Hüseynin (ə) yüksək məqamını bəyan edən başqa bir ayədir. Mübahilə hadisəsində Nəcran xristianları İsa Məsihin (ə) həqiqəti haqqında Peyğəmbərlə (s) mübahisə etdilər və sonda qərara alındı ki, hər iki tərəf öz ailələrini gətirib bir-birilərinə bəddua etsinlər ki, Allah yalancıları ifşa etsin. Qurani-Kərim bu barədə buyurur:
«فَمَنْ حاجَّكَ فيهِ مِنْ بَعْدِ ما جاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَ أَبْناءَكُمْ وَ نِساءَنا وَ نِساءَكُمْ وَ أَنْفُسَنا وَ أَنْفُسَكُمْ...»
Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi “mübahilə”yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular. (Ali-İmran.61).
Şiə və sünni mənbələrində mütəvatir şəkildə nəql olunan rəvayətlərə əsasən, Peyğəmbər (s) bu hadisədə yalnız Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyni (ə) özü ilə apardı. Bu səbəbdən, ayədə keçən “övladlarımız” ifadəsi ilə məhz Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulur.