Axtar

Hüdeybiyyə sülhü nədir və İslam tarixində hansı yerə malikdir?

  • Paylaş:
Hüdeybiyyə sülhü nədir və İslam tarixində hansı yerə malikdir?

Hicrətin 6-cı ilində Həzrət Məhəmməd Peyğəmbər (s) bir dəstə müsəlmanla həcc niyyəti ilə Məkkəyə yollandı. Lakin Məkkə müşrikləri onları şəhərə buraxmaqdan imtina etdilər. Uzun danışıqlardan sonra müsəlmanlarla məkkəlilər arasında Hüdeybiyyə adlı yerdə sülh müqaviləsi imzalandı. Hüdeybiyyə sülh müqaviləsinin əsas bəndləri bundan ibarət idi: Həm Məkkə bütpərəstləri, həm də müsəlmanlar söz verirdilər ki, 10 il ərzində bir-birinə qarşı hərbi əməliyyat aparmayacaqlar. Müqavilə imzalandığı il müsəlmanlar Məkkəni ziyarət etmədən geri dönməlidirlər. Növbəti həcc mövsümündə isə bütün ərəb qəbilələri kimi müsəlmanlar da Məkkəyə gəlib ziyarət əməllərini yerinə yetirə bilərlər. Lakin bu zaman onlar özləri ilə qılıncdan başqa heç bir silah gətirməməli, Məkkədə üç gündən artıq qalmamalıdırlar. Bu müddətdə məkkəlilər onların əmin-amanlığına cavabdeh olacaqlar. Mədinə əhalisindən hər kim şəhəri tərk edib Məkkəyə sığınsa, onu geri qaytarmaq vacib deyil. Amma Məkkə əhalisindən hər kim Mədinəyə qaçsa, müsəlmanlar onu geri təhvil verməlidirlər. Hüdeybiyyə sülhü İslam tarıxındə əhəmiyyətli hadisələrdən biri sayılır. İmam Cəfər Sadiq (ə) buyurub: “Peyğəmbərin həyatı boyu baş vermiş heç bir hadisə Hüdeybiyyə sülhü qədər faydalı və bərəkətli olmamışdır”.