Qadın ərindən talaq aldıqdan, yəni şəriət qaydasında boşandıqdan sonra növbəti dəfə ərə getməzdən qabaq mütləq iddə müddətini gözləməlidir. İddəsi bitmədən əvvəl qadının iknci dəfə kəbinə daxil olması (istər daimi, istərsə müvəqqəti nikah) çox böyük günahdır. Lakin bəzi istisna hallarda iddə gözləmək vacib sayılmır və talaq aldıqdan sonra qadın dərhal növbəti dəfə kəbin kəsdirə bilər. Bu hallardan biri ərlə arvad arasında cinsi yaxınlıq baş vermədən əvvəl talaq verildiyi haldır. Əgər kişi kəbindən sonra qadınla cinsi yaxınlıq etmədən ona talaq versə, bu halda qadın iddədən azaddır. Həmçinin, yaşı çox olan və heyzdən kəsilən (menopauza dövrünü yaşayan) qadın da iddə gözləməsə eybi yoxdur. Hamilə qadının isə iddə müddəti uşaq dünyaya gələndə bitir (bu müddətin nə qədər çəkməsindən asılı olamayaraq). Qalan bütün hallarda boşanmış qadının növbəti kəbindən əvvəl şəriətdə göstərilmiş qaydada iddə gözləməsi vacib hökmdür. İddənin müddəti və şərtləri şəriət kitablarında (risalələrdə) ətraflı izah edilib.
Hansı hallarda qadının talaqdan sonra növbəti dəfə ərə getməsi üçün iddə gözləməsi lazım deyil?
