“Əl-Qüds Əl-Ərəbi” saytı xəbər verir ki, Kann Film Festivalı ərəfəsində 350-dən çox kino sənayesi xadimi, o cümlədən Riçard Gere və Susan Sarandon kimi məşhurlar İsrailin Qəzzada törətdiyi “soyqırımını” pisləyən açıq məktub dərc ediblər. Məktub Fransanın “Liberation” qəzetində və ABŞ-ın “Variety” jurnalında dərc olunub.
Sənətçilər İsrailin hücumu nəticəsində həyatını itirən fələstinli jurnalist Fatimə Həsunə üçün açıq məktub dərc ediblər.
Məktubda sənətçilər Qəzzada baş verən soyqırıma səssiz qala bilməyəcəklərini bildirərək, kinonun ədalətsizliklə mübarizədə bir vasitə olması lazım olduğunu vurğulayıblar.
25 yaşlı fələstinli jurnalist Fatimə Həsunə İsrailin Qəzza zolağına hücumu nəticəsində həyatını itirib. Hasunənin hücumlarla bağlı sənədli filmi Kann Film Festivalında nümayiş etdirilməli idi.
Həsunə, “ACID Cannes” seçiminin bir hissəsi olaraq sənədli filmin elan edilməsindən bir gün sonra, keçən ay İsrailin Qəzzanın şimalındakı ailə evinə təşkil etdiyi hava hücumunda 10 qohumu ilə birlikdə öldürüldü.
Tədbirin 2025-ci il bölməsi üçün seçilən bu film indi festivalda fərqli mənada nümayiş etdiriləcək.
Məktubda aşağıdakı ifadələr yer alıb:
Fatimə Həsunənin 25 yaşı var idi.
O, fələstinli fotojurnalist idi. 2025-ci il aprelin 16-da Fatimə Həsunənin baş rolunda oynadığı Sepidə Farsinin “Ruhunu Əlinə Al və Gəz” filminin Kann Film Festivalının ACID bölməsi üçün seçildiyi elan edildikdən bir gün sonra İsrail ordusu tərəfindən hədəfə alınıb.
O, evlənmək üzrə idi.
Onun hamilə bacısı da daxil olmaqla 10 qohumu İsrailin eyni hücumunda həlak olub.
2023-cü il oktyabrın 7-də baş verən dəhşətli qırğınlardan sonra heç bir xarici jurnalist Qəzza zolağına buraxılmayıb. İsrail ordusu mülki insanları hədəfə alır. 200-dən çox jurnalist qəsdən öldürülüb. Yazıçılar, kino xadimləri, sənət adamları vəhşicəsinə qətlə yetirilir...
Fatimə Həsunə İsrail ordusunun Qəzza əhalisinə hücumlarının təsirini əyani şəkildə çəkdiyi üçün dünya miqyasında diqqəti cəlb edən bir fotoqraf idi.
Fransada yaşayan iranlı rejissor Sepidə Farsinin rejissorluğu ilə çəkilən “Ruhunu Əlinə Al və Gəz” filmi 110 dəqiqədir və rejissorun sözlərinə görə, “Fələstinlilərə qarşı davam edən soyqırımın künclərinə açılan pəncərədir”.
Beynəlxalq Jurnalistlər Federasiyasının verdiyi məlumata görə, hazırkı qarşıdurma başlayandan bəri Qəzzada ən azı 157 jurnalist və media fəalı öldürülüb.
Mayın 13-də Fransada 78-ci Kann Film Festivalı başlayıb və mayın 24-dək davam edəcək.