Məlum olduğu kimi, salavat ən gözəl dualardan və zikrlərdən biridir. Bir çox maddi-mənəvi çətinliklərin həlli üçün salavat söylənilməsi tövsiyə edilib. Salavatı zikr şəklində, çox sayda söyləməyin böyük savabı var. Hətta möminlərə yaraşar ki, sərbəst vaxtlarında dillərini Allahın zikrindən və Peyğəmbərin salavatından boş qoymasınlar. Hər bir duanı salavatla başlayıb bitirmək də duanın ədəblərindən (müstəhəb qaydalarından) biridir. İmam Sadiq (ə) buyurub: “Hər kimin Allahdan istəyi olsa, duanı Mühəmməd (s) və Ali-Mühəmmədə (ə) salavatla başlasın, bununla da qurtarsın. Allah çox kəramətlidir, bir şeyin hər iki ucunu qəbul edərsə, ortasını da mütləq qəbul edər, geri qaytarmaz”. Hədisdə buna işarə edilir ki, Peyğəmbərə və nəslinə göndərilən bütün salavatları Allah qəbul edər və salavat deyən şəxsə savab yazar. Əgər duanın əvvəlində və axırında salavat söyləsək, Allah bunun xatirinə duanın özünü də müstəcab edər. İmam Sadiqə (ə) mənsub başqa bir hədisdə deyilir ki, Həzrət Mühəmmədə (s) və nəslinə salavat göndərməyincə duanın Allah dərgahına qalxmasının qarşısı alınar.
Duanı salavatla başlayıb bitirmək ənənəsinin səbəbi və kökü nədir?
