Əsasən klassik ədəbiyyatda, bəzən də dini kitablarda “dirilik suyu”, “həyat suyu” ifadələrinə müxtəlif şəkillərdə rast gəlirik. Dini rəvayətlərə görə zülmət dünyasında, hamıdan gizli olan məkanda bir çeşmə var ki, ondan su içən adam əbədi həyat qazanır və ölümsüz olur. Xızr (ə) və İlyas (ə) həmin çeşməni tapıb suyundan içmiş və ölümsüzlük qazanmışlar. Bəzi dini mənbələrdə yazılıb ki, bundan sonra da müəyyən şəxslər həmin bulağı tapmağa müvəffəq olmuş və suyundan içərək daimi (və ya çox uzun müddətli) həyat qazanmışlar. “Dirilik suyu” ifadəsi sufi ədəbiyyatında da çox işlədilir. Əsl sufinin eşq və mərifət əldə etməsi bu cür təsvir olunur. Bu zaman onunn qəlbi əbədiyyət qazanar, heç zaman Allahın rəhmətindən və mərifətindən ayrı düşməz (məcazi mənada “ölməz”). Bəzən abi-həyatı elm və hikmət kimi, bəzən də Allahın şövqü ilə ibadət edənlərin gözündən axan yaş kimi izah edirlər. Bu göz yaşı “ölü qəlbi” dirildən dirilik suyudur.
Dirilik suyu haqqında dini mənbələrdə nə deyilir?
