Axtar

Cənnət əbədidirmi?

  • Paylaş:
Cənnət əbədidirmi?

İslam dininin əsas etiqadi məsələlərindən biri axirət dünyasına, ölüm sonrası həyata, qiyamətə, cənnətə və cəhənnəmə inanmaqdır. Qurani-Kərimdə insanın dünya həyatının müvəqqəti, axirət həyatının isə əbədi olduğu bildirilir. Bu baxımdan mühüm suallardan biri də cənnətin əbədi olub-olmamasıdır. Cəfəri (şiə) məktəbinin etiqadına əsasən, cənnət və oradakı nemətlər əbədidir. Allahın iman gətirib saleh əməllər edən bəndələri üçün hazırladığı cənnət heç vaxt sona çatmayacaq.

Qurani-Kərimdə cənnətin əbədiliyini ifadə edən çoxsaylı ayələr vardır. Bəqərə surəsinin 25-ci ayəsində iman gətirib saleh əməllər edənlərə altından çaylar axan cənnətlərlə müjdə verilir və onların orada əbədi qalacaqları bildirilir. Həmçinin Tövbə surəsinin 72-ci ayəsində Allah mömin kişi və qadınlara içində əbədi qalacaqları bağlar və “Ədn” cənnətlərində gözəl məskənlər vəd edir. Bu ayələr cənnətin müvəqqəti bir məkan deyil, Allahın möminlərə verdiyi əbədi mükafat olduğunu göstərir.

Şiə məktəbinin etiqadına görə, cənnət Allahın sonsuz rəhmətinin, ədalətinin və lütfünün təzahürüdür. İnsan dünya həyatında iman, təqva, ibadət, gözəl əxlaq və saleh əməllərlə öz axirət səadətini qazanmağa çalışır. Cənnət yalnız maddi nemətlərdən ibarət deyil. Orada insan qorxu, kədər, xəstəlik, qocalıq və ölüm kimi dünya həyatına aid çətinliklərdən uzaq olacaq. Cənnət əhlinin ən böyük nemətlərindən biri isə Allahın razılığını qazanmaq və Ona mənəvi yaxınlıq əldə etməkdir.

Əhli-beyt (ə) məktəbində cənnətə çatmaq üçün imanla yanaşı, əməlin də mühüm olduğu vurğulanır. İmam Əli (ə) öz kəlamlarında dünya həyatının müvəqqəti olduğunu, axirətin isə insanın əbədi məskəni olduğunu xatırladır. Bu baxımdan insan dünya həyatını yalnız maddi məqsədlərə sərf etməməli, öz mənəviyyatını inkişaf etdirməli, haqq-ədaləti qoruyub başqalarına qarşı mərhəmətli olmalıdır. Çünki insanın axirətdəki səadəti onun iman və əməlləri ilə sıx bağlıdır.

Burada mühüm bir məsələni də qeyd etmək lazımdır: Şiə məktəbinə əsasən, cənnətin əbədi olması ilə cəhənnəmin əbədi olması məsələsi eyni şəkildə izah edilmir. Cənnət əhli Allahın vəd etdiyi əbədi nemətlər içində yaşayacaq. Cəhənnəmdə isə günahkarların hamısının eyni hökmə malik olmadığı bildirilir. Bəzi günahkar möminlər Allahın iradəsi, rəhməti və şəfaət vasitəsilə cəzalarını çəkdikdən sonra cəhənnəmdən xilas ola bilərlər. Lakin küfr üzərində ölən və Allahın qəti hökmünə əsasən əbədi əzaba layiq görülən şəxslərin vəziyyəti fərqlidir. Bu məsələnin təfərrüatları şiə alimlərinin kəlam və təfsir əsərlərində geniş izah edilmişdir.

Digər tərəfdən, cənnətin əbədiliyi insanın bu dünyadakı məsuliyyətini daha da artırır. İnsan bilməlidir ki, dünya həyatı qısa, axirət həyatı isə sonsuzdur. Buna görə də vaxtını düzgün dəyərləndirməli, namaz və digər ibadətlərinə diqqət yetirməli, halal ruzi qazanmalı, valideynlərinə hörmət etməli, insanlara zülm etməkdən çəkinməli və Əhli-beytin (ə) əxlaqi yolunu öz həyatında yaşatmalıdır.

Deməli cənnət əbədidir və oradakı nemətlər heç vaxt tükənməyəcək. Cənnət Allahın mömin bəndələrinə verdiyi sonsuz mükafat, rahatlıq və səadət məkanıdır. İnsan bu həqiqəti dərk edərək dünya həyatını iman, təqva, elm, xeyirxahlıq və saleh əməllərlə yaşamalıdır. Çünki əsl səadət müvəqqəti dünya nemətlərində deyil, Allahın razılığını qazanaraq, əbədi axirət xoşbəxtliyinə nail olmaqdır.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev