Axtar

Cabir ibn Həyyan kimdir və dini mənsubiyyəti nə olmuşdur?

  • Paylaş:
Cabir ibn Həyyan kimdir və dini mənsubiyyəti nə olmuşdur?

Əbu Musa Cabir ibn Həyyan Tusi Kufi (vəf. hicri 200/miladi 815-816) Xorasanda anadan olmuş, Kufədə alim kimi yetişmiş və fəaliyyət göstərmişdir. O, Kufədə əczaçılıqla məşğul olurdu. Cabir ibn Həyyanı kimya elminin banisi adlandırırlar. Ona qədərki kimya elmi əslində əl-kimya (alximiya) formasında idi və müxtəlif maddələrdən qızıl almaq yollarını öyrənirdi. Cabir ibn Həyyanın əsas çalışmaları praktiki kimya sahəsindədir. O, xürafatdan uzaq, real təcrübələrə əsaslanan “yeni” kimya elminin banilərindən sayılır. Cabir öz əsərlərində müxtəlif kimyəvi preparatlar (zəy, qələvilər və s.) və kimyəvi proseslər (həllolma, kristallaşma, distillə və s.) məlumat vermişdir. Cabir öz yaradıcılığı ilə Qərbin elmi intibahına yol açmışdır. Elə buna görə də, bəzi müsəlman alimlərinin dediyi kimi, orta əsrlərdə Cabiri xristianlar müsəlmanlardan daha yaxşı tanıyırdılar. (Qərbdə o – «Heber», əsərləri isə «Heber traktatları» kimi məşhur idi). Cabir ibn Həyyanın dini mənsubiyyətinə gəlincə, bir qism tədqiqatçılar onu qeyri-müsəlman (sabii) hesab etsələr də, daha mötəbər bilgilərə görə, Cabir şiə məzhəbinə etiqad bəsləmişdir. Hətta şiə rəvayətlərinə görə, ona kimya elminin incəliklərini öyrədən İmam Cəfər Sadiq (ə) olmuşdur. Cabirin özü də bəzi kitablarında “Cəfər” adlı şəxsi “seyyidi” (ağam) adı ilə xatırladır. Əksər tarixçilər bu şəxsin İmam Cəfər Sadiq (ə), bəziləri isə vəzir Cəfər Bərməki olduğunu yazırlar.