Əksər lətifələrin qəhrəmanı sayılan Bəhlul Danəndəni çox zaman xəyali obraz kimi qəbul edirlər. Lakin özünü dəliliyə vuran və buna görə başqalarının deyə bilmədiyi həqiqətləri rahat şəkildə söyləyən Bəhlul Danəndəni real tarixi şəxsiyyət kimi qəbul etmək üçün əsaslar vardır. Bəzi məlumatlara görə, Şərq ölkələrində, xüsusilə, Azərbaycanda “danəndə” (bilici) və “divanə” (ağlını itirmiş) ləqəbi ilə tanınan Bəhlul konkret tarixi şəxsiyyət idi. O, VIII əsrdə İraqda yaşamış, İmam Cəfər Sadiqdən (ə) və İmam Musa Kazimdən (ə) dərs almışdır. Abbasi xəlifəsi Harun ər-Rəşid onu Bağdad şəhərinin baş qazısı təyin etmək istəyirdi, amma Bəhlul zalım xəlifənin əyanlarına qoşulmaq fikrində deyildi. Deyirlər ki, özünü dəliliyə vurmağı İmam Musa Kazim (ə) Bəhlula məsləhət görmüşdü. Bu yolla Bəhlul həm xəlifənin təklifindən canını qurtardı, həm də öz haqq sözlərini qorxusuz söyləmək imkanı qazandı. Çünki şəriətə görə, ağlını itirmiş adam hər nə danışsa belə, ona cəza verilməz.
Azərbaycan şifahi xalq ədəbiyyatının mühüm personajlarından olan hazırcavab Bəhlul Danəndə real tarixi şəxsiyyətdirmi?
 
        
 
                                        