İslam dininin əsas etiqadi məsələlərindən biri də, insan ruhunun mahiyyəti və ölümdən sonrakı həyatıdır. Şiə etiqadına görə, insan yalnız maddi bədəndən ibarət deyil, eyni zamanda Allah tərəfindən yaradılmış qeyri-maddi bir həqiqətə – ruha malikdir.
İnsan öldükdə onun bədəni həyat fəaliyyətini dayandırır və torpağa qayıdır, lakin ruhu yox olmur. Ruh öz varlığını davam etdirir və bərzəx aləminə daxil olur. Buna görə də ölüm insanın tamamilə yox olması deyil, bir aləmdən digər aləmə köçməsidir.
1. Qurani-Kərimdə ruhun davamlılığı
Qurani-Kərim insanın ölümündən sonra həyatın davam etdiyini açıq şəkildə bildirir. Allah-Taala buyurur: Allah ölənlərin canını ölüm zamanı, ölməyənlərin canını isə yuxuda alar. Ölümünə hökm verdiyi kimsənin canını saxlayar, digərini isə müəyyən edilmiş bir vaxta qədər geri qaytarar. (Zumər, 42).
Bu ayə göstərir ki, insanın ruhu bədənin fiziki fəaliyyətindən fərqli bir həqiqətə malikdir. Həmçinin Qurani-Kərimdə şəhidlər haqqında belə buyurulur: Allah yolunda öldürülənləri əsla ölü hesab etmə. Əksinə, onlar öz Rəbbi yanında diridirlər və ruzi yeyirlər. (Ali-İmran, 169).
Bu ayə ölümün ruhun yox olması demək olmadığını göstərən mühüm dəlillərdəndir.
2. Şiə etiqadında ruhun ölümsüzlüyü
Şiə məktəbinin etiqadına əsasən, ruh Allahın yaratdığı bir varlıqdır və insanın həqiqi şəxsiyyətinin əsasını təşkil edir. Bədən ölümlə öz maddi həyatını itirsə də, ruh varlığını davam etdirir. İmam Əli (ə) buyurur: İnsanlar yuxudadırlar, öldükləri zaman ayılarlar.
Bu hikmətli kəlam insanın dünya həyatının müvəqqəti olduğunu, ölümün isə daha geniş bir həqiqətin başlanğıcı olduğunu ifadə edir.
Şiə mənbələrində insanın öldükdən sonra bərzəx aləminə daxil olması, orada öz əməllərinə uyğun vəziyyətdə yaşaması və Qiyamət gününü gözləməsi barədə çoxsaylı rəvayətlər nəql olunmuşdur.
3. Bərzəx və Qiyamət həyatı
Ölüm ilə Qiyamət arasında olan aləm bərzəx adlanır. Bərzəx insan ruhunun dünya həyatından sonrakı mərhələsidir. Bu aləmdə insanın iman və əməllərinə uyğun olaraq rahatlıq və ya çətinliklə qarşılaşması mümkündür.
Qiyamət günü isə Allah-Taala insanları yenidən dirildəcək, ruh və bədən birlikdə məhşur olacaq və hər kəs öz əməllərinə görə hesaba çəkiləcəkdir. Deməli, İslam etiqadında axirət həyatı yalnız ruhun davam etməsindən ibarət deyil, həm də insanın bədənlə birlikdə yenidən dirilməsini əhatə edir.
Beləliklə, şiə etiqadına görə, insanın ruhu ölümlə məhv olmur və yoxluğa çevrilmir. Ölüm yalnız dünya həyatının sona çatması və axirət həyatına keçidin başlanmasıdır. İnsan bu dünyada etdiyi yaxşı və pis əməllərin nəticəsini bərzəx və Qiyamət aləmində görəcəkdir. Buna görə də insan dünya həyatını müvəqqəti, axirəti isə əbədi həyat kimi dərk etməli, iman, saleh əməl və gözəl əxlaqla öz axirətini qurmağa çalışmalıdır. Unutmamalıyıq ki, ölüm son deyil, əbədi həyata açılan qapıdır.
Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev
