Məlum olduğu kimi Abbasi xəlifələri Həzrət Mühəmməd Peyğəmbərlə (s) yaxın qohum idilər; belə ki, onların ulu əcdadı Abbas ibn Əbdülmüttəlib Peyğəmbərin əmisi idi. Hətta Abbasilər Əməviləri devirib hakimiyyətə gələrkən Əhli-beytin adından istifadə etmişdilər. Onlar guya hakimiyyəti Əhli-beytə qaytaracaqlarını vəd edərək şiələrin də yardımını qazanmağa çalışırdılar. Lakin İmam Cəfər Sadiq (ə) Abbasilərin bu planını pozaraq nə özü onlara kömək etdi, nə də Əli övladlarının başçılarına bu icazəni verdi. Abbasilər hakimiyyətə çatdıqdan sonra nəinki hakimiyyəti imamlara təhvil vermədilər, hətta onları və tərəfdarlarını öz hakimiyyətləri üçün təhlükə hesab edib təqib etməyə başladılar. Əhli-beyt imamlarının 6-sı (İmam Cəfər Sadiqdən (ə) başlayaraq İmam Həsən Əskəriyə (ə) kimi) Abbasi xəlifələrinin zamanında zəhərlə şəhid edilmişlər. Abbasilər İmam Kazimi (ə) həbsdə, İmam Rzanı (ə), İmam Təqin (ə), İmam Nəqini (ə) və İmam Əskərini (ə) isə öz yaxınlıqlarında nəzarət altında saxlamışlar. Onların dövründə Əhli-beyt tərəfdarları ağır günlər yaşamış, yüzlərlə Peyğəmbər övladı öldürülmüş, sürgün edilmişdi.
Abbasi xəlifələrinin Əhli-beytə münasibəti necə olmuşdur?
