Axtar

İmam Mehdinin (ə.f) Zühur və Qiyamının əlamətləri

  • Paylaş:
İmam Mehdinin (ə.f) Zühur və Qiyamının əlamətləri

İmam Sadiq (ə) buyurmuşdur: “Qaimin (ə) qiyamından öncə beş əlamət vardır: Yəmani, Süfyani, səmadan car çəkən carçı, beydada yerə batma, Nəfsüz-zəkiyyənin qətli”.

Kəmaluddin c.2, səh.649.

Əl-Xisal c.1, səh.303.

Biharul-Ənvar c.52, səh.203.

Muhəmməd ibn Müslim İmam Sadiqdən (ə) belə eşitdiyini nəql etmişdir: “Qaimdən az əvvəl Allah-taala tərəfdən möminlər üçün bəzi əlamətlər baş verəcəkdir”. Dedim: “Allah məni sənə fəda etsin, o əlamətlər nədir?” Buyurdu: “O, izzət və cəlal sahibi Allahın kəlamıdır: “Sizi mütləq imtahan edəcəyik”, – yəni Qaimin (ə) zühurundan öncə möminləri; “bir az qorxu və aclıqla, eləcə də mal, can və məhsul azlığı ilə. Səbir edənləri müjdələ” (Bəqərə 155). Buyurdu: “Onları “bir qədər qorxu ilə”, – yəni, Bəni-filanın hakimiyyətinin axır dövrlərində onların hakimləri ilə, “aclıq ilə”, – yəni, onların zamanında qiymət bahalığı ilə, “mal azlığı ilə”, – yəni ticarətlərin kasadlaşması və ondakı xeyirin az olması ilə, ”can azlığı ilə”, – yəni sürətli ölüm ilə, “məhsul azlığı ilə”, – yəni, əkilənlərin az bərəkətli olması ilə imtahan edəcəkdir. “Səbir edənlərə müjdə ver”, – yəni bunlar baş verdiyi zaman səbir edənlərə Qaimin (ə) zühurunun müjdəsini ver. Sonra mənə dedi: “Ey Muhəmməd, bu (dediklərim), ayənin təvili idi. Həqiqətən də, izzət və cəlal sahibi olan Allah buyurur: “Onun təvilini (həqiqi mənasını, yozumunu) yalnız Allah və elmdə güclü olan kəslər bilirlər”. (Ali-İmran 7).

Kəmaluddin c.2, səh.649-650.

əl-İmamətu əl-təbsirətu min əl-Heyrət, səh.129.

Biharul-Ənvar c.52, səh.202-203.

 Haris ibn Müğeyrə İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: “Ramazan ayında (səmadan carçı tərəfindən səslənən) çığırtı bu aydan iyirmi üç gün keçdikdə cümə gecəsi baş verəcəkdir”.

Kəmaluddin c.2, səh.650.

İsbatul-Huda c.5, səh.349.

Biharul-Ənvar c.52, səh.204.

Müəlla ibn Xüneys İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: “Həqiqətən, Süfyaninin məsələsi və onun rəcəbdə (ortaya) çıxması qəti surətdə baş verəcək işlərdəndir”.

Kəmaluddin c.2, səh.652.

İsbatul-Huda c.5, səh.349.

Biharul-Ənvar c.52, səh.204.

Vərd İmam Baqirin (ə) belə buyurduğunu nəql etmişdir: “Bu işin qarşısında (baş verməzdən öncə) iki şey vardır: (Ayın) beşi üçün (və ya beş gün qalmış-bəzi hədislərdə) ayın və on beşi üçün günəşin tutulması (bəzi hədislərdə Ramazandan beş gün sonra). Bu da Adəm (ələyhis-səlam) yer üzünə enəndən bəri baş verməmişdir. Həmin an münəccimlərin (astronomların) hesabı alt-üst olacaqdır”.

Kəmaluddin c.2, səh.655.

İsbatul-Huda c.5, səh.351.

Biharul-Ənvar c.52, səh.207.

Süleyman ibn Xalid İmam Sadiqdən (ə) belə eşitdiyini nəql etmişdir: “Qaimdən öncə iki ölüm vardır: Qırmızı və ağ ölüm. O həddə qədər ki, hər yeddi nəfərdən beşi aradan gedər. Qırmızı ölüm qılınc, ağ ölüm isə taundur”.

Kəmaluddin c.2, səh.655.

İsbatul-Huda c.5, səh.351.

Biharul-Ənvar c.52, səh.207.

Əbu Bəsir və Muhəmməd ibn Müslim İmam Sadiqdən (ə) belə eşitdiklərini nəql etmişlər: “Bu iş camaatın üçdə ikisi aradan getməyənədək baş verməyəcəkdir”. Ona deyildi ki, camaatın üçdə ikisi getdikdə daha nə qalacaqdır ki? Buyurdu: “Məgər qalan üçdə bir olmağınıza razı deyilsinizmi?”

Kəmaluddin c.2, səh.656.

İsbatul-Huda c.5, səh.352.

Biharul-Ənvar c.52, səh.207. 

Bəkr ibn Muhəmməd İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “(Qaimin (ə) zühur əlamətlərindən biri də) üç nəfərin çıxışıdır. Süfyani, Xorasani və Yəmani eyni ildə, eyni ayda və eyni gündə xüruc edəcəklər. Onların arasından hidayətə ən çox yaxın olanı Yəmani olacaq, çünki o, camaatı haqqa dəvət edəcək”.

Şeyx Müfid, İrşad c.2, səh.375.

İsbatul-Huda c.5, səh.362.

İləmul-Vəra (əl-qədimə) səh.458.

Biharul-Ənvar c.52, səh.210.

Əli ibn Əbu Həmzə Əbu Bəsirdən İmam Sadiqin (ələyhis-səlam) belə buyurduğunu nəql edir: “Qaimin (ə) gəlişi çoxlu yağışların baş verəcəyi ildədir. Həmin yağış ağaclardakı meyvələri və xurmaları zay edəcək. Buna əsla şəkk etməyin”.

Şeyx Müfid, İrşad c.2, səh.377.

Şeyx Tusi Qeyb dövrü, səh.449.

Biharul-Ənvar c.52, səh.214.

Kəşfül-Ğümmə (əl-qədimə) c.2, səh.461.

Muhəmməd ibn Müslim Əbu Cəfər Muhəmməd ibn Əlidən (İmam Baqirdən (ələyhis-səlam)) belə nəql edir: Süfyani və Qaim bir ildədirlər (eyni ildə xüruc edəcəklər).

Şeyx Numani Qeyb dövrü səh.267,

İsbatul-Huda c.5, səh.366,

Biharul-Ənvar c.52, səh.239.