Axtar

Allahla bağlanmış ilk əhd (“Ələst məclisi” barədə qeydlər)

  • Paylaş:
Allahla bağlanmış ilk əhd (“Ələst məclisi” barədə qeydlər)

İstər dini mənbələrdə, istər irfani mətnlərdə, istərsə də klassik ədəbiyyat nümunələrində tez-tez rast gəldiyimiz bir ifadə vardır: bəzmi-ələst, yəni ələst məclisi. Bəzən bu mənanı “qalu bəla məclisi”, “əhdi-ələst” kimi sözlərlə də ifadə edirlər. Hər şeydən əvvəl qeyd edək ki, bu ifadə Qurani-Kərimdən götürülmüşdür. Onun kökündə Quran ayəsində Allah-talanın buyurduğu “ələstü birəbbiküm” cümləsi durur. Bunun ərəb dilindən tərcüməsi “məgər mən sizin Rəbbiniz deyiləmmi?” deməkdir. Ərəb dilçiliyinin qaydalarına görə bu kəlmə mütləq mənada təsdiqi ifadə edir. Yəni Allahın bu sualının əks cavabı mümkün deyildir. Sual mütləq mənada təsdiqi tələb edir. Allah mütləq mənada insanların Rəbbidir və bunun əksini düşünmək batildir. İslam inancına görə yer üzündə ilk bəşər olan Həzrət Adəmin (ə) cisminin yaradılışı başa çatmazdan əvvəl (və ya sonra) Allah-Taala onun sülbündən (belindən) bütün gələcək övladlarını çıxarmışdır. Beləliklə, Allah-Taala bütün insanları (və ya onların ruhunu) müvəqqəti olaraq fərqli bir formada xəlq etmişdir. Sonra Allah onları Öz hüzuruna toplayaraq “Mən sizin Rəbbiniz deyiləmmi?” buyurmuş və ruhlar: “Bəli” – deyə, cavab vermişlər. Bu məclisin hansı formada baş tutduğunu təsəvvür etmək çətindir. Qurani-Kərimdə həmin hadisə bu cür təsvir edilir: “Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının (bellərindən) gələcək nəsillərini çıxarıb, onların özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, (Rəbbimizsən)” – deyə, cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qıyamət günü “Biz qafil idik” və ya “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi batilə uyanların törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür. Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!” (Əraf, 172-174). Bu hadisənin klassik ədəbiyyatda “qalu bəla” adlandırılmasının da səbəbi Quran ayəsində bu sözün məhz həmin formada işlənməsidir. Ərəb dilində “qalu bəla” cümləsinin tərcüməsi “dedilər: bəli” şəklindədir. Ayədə də məhz bu ifadə işlədilib. Bəzi şairlər maraqlı söz oyunu yaradaraq, “qalu bəla” ifadəsini “qilü qal, məşəqqət, müsibət, bəla” mənasında işlətməyə nail olmuşlar. Böyük Azərbaycan şairi Nəsimi qəzəllərində yazırdı: Qalu bəladə yar ilə qövlü çü qıldın, ey könül, Qövlündə sadiqdir ki, mən inanmışam iqrarinə. Ey vəhdətin meyindən ulaşan xümarinə, Məsti-ələstə sor ki, nə meyxarə düşmüşəm. Şah İsmayıl Xətai yaradıcılığında da bu motivin izlərini görürük: Bu Xətai yar ilə qalu bəladən qıldı əhd, Həq bilir kim, bər səri-an əhdü iqrarəm hənuz. Seyyid Əzim Şirvani isə öz qəzəlində ələst məclisini bu şəkildə canlandırmışdır: Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum, İçib vəhdət şərabindən, belə məxmurü məst oldum. Ələst məclisini “aləmi-zərr”, yəni zərrələr aləmi də adlandırmışlar. Bunun bir səbəbi bu ola bilər ki, Allah insanları xırda zərrə ölçüsündə yaratmış və onlardan əhd-peyman almışdır. Hədislərin bir çoxunda məhz “zərrə” sözü işlədilir. Qeyd edək ki, ərəb dilində xırda ölçülü həşəratlara “zərrə” deyilir. Məsələn, qarışqa da bu kəlmə ilə ifadə olunur. Digər səbəb isə ayədə keçən “zürriyyə” sözü ilə bağlı ola bilər. Lüğəvi mənada zürriyyə kiçik yaşlı, xırda övladlara deyilir, amma bəzən hər yaş səviyyəsinə aid olan övladlara da aid edilir. “Zürriyyə” sözünün öz kökü barədə fikir ayrılıqları vardır. Bəziləri bu sözün “yaradılış” mənasını verən “zər” kökündən, bəziləri xırda varlıq mənasını verən “zərr (zərrə)” kəlməsindən, bəziləri “dağılmaq, yayılmaq” mənasını verən “zərv” felindən qaynaqlandığını bildirirlər. Sonuncu məna insan nəslinin artaraq yer üzünə yayılmasına işarə edir.    Allah öz bəndələrini zərrə şəklində yaratdı? Ələst məclisi barədə ayələri (Əraf, 172-173) şərh edən təfsir alimləri, həm hədisçilər, həm fəlsəfə və kəlam mütəxəssisləri, həm də arif və sufilər geniş şərhlər vermişlər. Hər bir alim öz ixtisası, tutumu və əqidəsi çərçivəsində məsələyə baxmışdır. Allahla bağlanmış əhd-peyman dini mətnlərdə kifayət qədər geniş formada toxunulmuş mövzulardan biridir. Məsələn, XVII əsrin əxbari yönümlü məşhur hədis alimlərindən olan Seyyid Haşim Bəhraninin qələmə aldığı “Təfsir əl-Bürhan”da Əraf surəsinin 172-174-cü ayələrinin təfsiri barədə 37 hədis (2-ci cild, səh 46-51), eyni dövrdə və eyni üslubda qələmə alınmış “Nur əl-səqəleyn” təfsirində 31 hədis (2-ci cild, səh. 92-101) verilmişdir. Bununla belə, məsələyə verilmiş izahlar çox ziddiyyətli və fərqlidir. Ayədəki bəzi kəlmələrin izahı barədə bu kiçik müqəddimədən sonra bunu qeyd etmək istərdik: Ələst məclisi barədə dini mətnlərdəki məlumatlar çox dağınıq və qarışıqdır. Bu məlumatlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Mərhum Əllamə Məclisi bu məqama işarə edərək mövzu ilə bağlı hədisləri “mütəşabeh xəbərlər və dolaşıq rəvayətlər” adlandırırdı. O, yazırdı: “Əksər insanların ağlı bu məsələnin həllində acizdir” (Mirat əl-üqul, 7-ci cild, səh. 37-38). “Yaxşı olar ki, dərinliyini qavramaqda ağlımızın aciz olduğu bu cür dolaşıq məsələlər barədə düşünməyi kənara qoyaq. Xüsusilə, bu məsələ barədə dərin düşünməyi imamlarımız (ə) bizə qadağan etmişlər” (Bihar əl-ənvar, 5-ci cild, səh. 261). Ardınca Əllamə Məclisi mövzu barədə ziddiyyətli şərhlərin mövcud olması, ifrat əqidəli şəxslərin mövzunu təhrif etməyə çalışması barədə X əsr alimi mərhum Şeyx Müfidin “Cəvab əl-məsail əl-sərəviyyə” kitabından sitatlar gətirmişdir. Ələst məclisinin və orada insanlardan alınmış əhd-peymanın necəliyi barədə qarşıya bəzi suallar çıxır: Ələst məclisi hansı şəkildə baş vermişdir? İnsanların zərrə şəklində Həzrət Adəmin (ə) sülbündın çıxması o həzrətin cismani şəkildə yaradılmasından əvvəl baş vermişdir ya sonra? Bu hadisə maddi aləmdə baş vermişdir yoxsa misal aləmində (abstrakt dünyada)? Ümimiyyətlə, bu hadisədə Həzrət Adəmin (ə) iştirakı olmuşdur, yoxsa söhbət Adəm oğullarından gedir? Zərr aləmi və ələst məclisi barədə nəzəriyyələri əsasən bir neçə qrupa ayıra bilərik: Əllamə Məclisinin də qeyd etdiyi kimi (Bihar əl-ənvar, 5-ci cild, səh 260) əsasən mühəddislərdən ibarət bir dəstə bu məsələnin tam mənasını dərk etməyin qeyri-mümkün olduğu görüşündədir. Onlar bu barədə qəti və dəqiq fikir bildirməkdən çəkinirlər. İikinci dəstənin nümayəndələri bu hadisəni zahiri mənada qəbul edirlər. Bunlar da ələst məclisinin nə zaman – Həzrət Adəmin (ə) yaradılışından əvvəlmi ya sonramı – baş verdiyi məsələsində iki hissəyə bölünürlər. Bir nəzəriyyəyə əsasən, Həzrət Adəm (ə) behiştdən yer üzünə endirildikdən sonra Allah-Taala onun sülbündən gələcək nəslinin hər bir fərdini çıxarmış, hər kəsin cənnət ya cəhənnəm əhli olduğunu elan etmişdir. Sonra bütün insanlardan, onların Rəbbi olduğu barədə əhd almış, bununla da hər bir hökmün Öz əlində olduğunu göstərmişdir. Bu nəzəriyyəni müdafiə edən hədislərə daha çox əhli-sünnə mənbələrində rast gəlirik. Daha çox şiə mənbələrində rast gəlinən bəzi hədislər isə ələst məclisinin Həzrət Adəmin (ə) yaradılışından əvvəl baş verdiyini, yəni insanların xırda varlıqlar şəklində o həzrətin gil halında olan cismindən çıxarıldığını ifadə edir. Bu nəzəriyyələrdə cəbr (məcburiyyət, fatalizm) əqidəsinə işarələr olduğunu etiraf etməliyik. Buradan belə nəticə çıxır ki, insanların aqibəti hələ onlar yaradılmazdan əvvəl müəyyən edilmişdir. Bəzi tədqiqatçılar şiə mənbələrində bu mövqeni dəstəkləyən hədisləri təqiyyə ilə əlaqələndirirlər. Əhli-beyt məktəbinə mənsub olan bəzi hədislərə görə Allah-Taala günahkarların və cəhənnəm əhlinin gilini şor su ilə, möminlərin və cənnət əhlinin gilini isə şirin su ilə yoğurmuşdur. Sonra xırda varlıqlar şəklində insanları yaratmış, Özünün Rəbb, Həzrət Muhəmmədin (s) peyğəmbər, Əlidən (ə) Mehdiyə (ə) kimi 12 müqəddəsin imam olması barədə onlardan şahidlik tələb etmişdir. Buna şahidlik etmiş ilk şəxs isə Həzrət Muhəmməd Peyğəmbər (s) olmuşdur. Bəzi rəvayətlərdə bu hadisənin ruhlar aləmində baş verdiyi, yəni bütün insanların ruhunun sorğu qarşısında tutulduğu iddia edilir.   Allahla bağlanmış əhd unudula bilərmi? İrfan aləmində də bəzmi-ələst məsələsi geniş şəkildə öz əksini tapmışdır. Ariflərin nəzərində bu məclis onların Allahla vüsal günü olmuşdur. Ariflər həmin günün yenidən qayıtması intizarı ilə, yəni Allah-Taalanın hüzurunda duracaqları günün şövqü ilə yaşamışlar. İrfani dünyagörüşündə günahkar bəndələr aləmi-zərrdə bağladıqları əhdi unutmuş şəxslərdir. Təsəvvüf ədəbiyyatının şah əsərlərindən sayılan, məşhur arif Xacə Abdullah Ənsarinin kəlamlarının toplusu hesab edilən “Kəşf əl-əsrar” təfsirində deyilir ki, ələst məclisi Allahın öz bəndələrinə bir lütfü və kərəmidir. Bununla Allah Özünü bəndələrinə tanıtdırmış, onları azğınlıq girdabından qorumuşdur. Diqqətçəkici məqam budur ki, Allah öz bəndələrindən məhz “Mən sizin Rəbbiniz deyiləmmi?” soruşmuşdur. Əgər “Mən kiməm?” soruşsaydı, bəndələr bu sualın cavabında aciz qala bilərdilər. Çünki Allahın zatını anlamaq qabiliyyəti bəşər şüurunda yoxdur. Allah-Taala Öz bəndəsindən “Sən kimsən?” soruşmamışdır. Çünki bu halda bəndə öz məqamı ilə lovğalanıb təkəbbürə giriftar ola bilərdi. “Sizin Rəbbiniz kimdir?” sualı da verilməmişdi. Çünki bəndələr o zamana kimi Allaha ünsiyyətləri olmamış və Onu tanımamışdılar. Allahın sualı “Məgər siz mənim bəndələrim deyilsinizmi?” şəklində də verilməmişdi. Çünki bu halda bəndəlik qabardılmış olar və bəndəliyin şərti ön plana keçərdi. Əgər bəndəlikdə nöqsan olsaydı, bu bağlılıq da qırılmış olardı və əhd öz mənasını itirərdi. Allahın rübubiyyəti (Rəbbliyi, bəndə ilə rabitəsi) isə qırılan deyil, Allah Öz bəndəsini kənara atmaz. Allah-Taala sualı “Məgər mən sizin Rəbbiniz deyiləmmi?” şəklində verməklə bir növ bəndələri təsdiq məcburiyyəti qarşısında qoymuş və onları səhvdən qorumuşdur (bax: Qurani-Məcidin ədəbi və irfani təfsiri (Xacə Abdullah Ənsarinin kəlamları əsasında Miybədinin qələmə aldığı “Kəşf əl-əsrar” təfsirinin xülasəsi), səh. 361). Qeyd etdiyimiz ənənəvi izaha qarşı bir sıra iradlar irəli sürülmüşdür. Onlardan bəzilərinə qısa şəkildə toxunuruq. Əvvəla, ələst məclisinin ənənəvi və zahiri şərhində bir-birinə uyğun olmayan çoxlu məqamlar vardır ki, bu ziddiyyətlər hadisənin necəliyini ciddi və mötəbər qəbul etməyə maneçilik törədir. Bəziləri bu mövzuda hədislərin çoxluğunu dəlil gətirərək, bu hədislərin təvatür həddində (yəni mütəvatir) olduğunu iddia edirlər. Həqiqətən, qeyd etdiyimiz kimi nəqli təfsirlərdə bu ayələrin zahiri şərhini ehtiva edən onlarla hədis vardır. Amma əldə olan hədisləri araşdırarkən onları mütəvatir saymağın yanlış olduğu qənaətinə gəlirik. Çünki bir mövzu barədə eyni ravi tərəfindən bir neçə fərqli formada hədis rəvayət edilirsə, bu, həmin hədisin mütəvatir olmasına dəlalət etməz. Çoxlu sayda fərqli ravinin eyni mövzu barədə eyni və ya çox yaxın məzmunlu hədislərinə mütəvatirlik şamil edilə bilər. Bu hədislərin bir hissəsində ələst məclisinin necəliyinə işarə edilmir, ona görə də həmin hədisləri zahiri mənada yozmağa sübut yoxdur. Hadisənin zahiri mənada təsvirini ehtiva edən hədislərə gəlincə, mütəxəssislərin rəyinə görə onların bir qisminin mötəbərliyi şübhə altındadır (bəzi hədislərin sənədi yoxdur, bəzilərinin sənədi zəifdir). Qalan hədislər bir-biri ilə ciddi uyğunsuzluğa malikdir və üstəlik, onların demək olar ki, hamısı cəmi bir neçə raviyə söykənir. Bunlar Cabir ibn Abdullah Ənsari, Əbu Bəsir, Zürarə ibn Əyün, Saleh ibn Səhl və Abdullah ibn Sinan adlı ravilərdir (Təfsirü-Nümunə, 7-ci cild, səh. 9). Beləliklə, ravilərin sayının azlığı hədisi mütəvatir hesab etməyə əsas vermir. Qeyd etdiyimiz kimi hədislərin bir qrupunda ələst məclisinin zahiri mənada deyil, batini və simvolik mənada şərh edilməsi də hər hansı tərəfə üstünlük verməyi çətinləşdirir. İkincisi, ələst məclisinin zahiri təsvirində əsas məqamlardan biri tam aydın deyil. Bu hadisə Həzrət Adəmin (ə) bədəni yaradılmazdan əvvəl, gil halında ikən baş vermişdir, yoxsa o həzrət cənnətdən yerə endirildikdən sonra olmuşdur? Hədislər bu barədə fərqli görüşlər irəli sürür. Üçüncüsü, qarşıya belə bir sual çıxır: Allahın Öz rəbbaniyyətinə şahid tutduğu bəndələr tam yetkin və ağıllı idilər ya yox? Yəni Allahın xırda zərrələr şəklində yaratdığı və Adəmin sülbündən (ya gilindən) çıxardığı insanlar bəşəri keyfiyyətlərə sahib idilərmi və məsuliyyət daşıyırdılarmı? Bu suala hə cavabı vermək çətindir və bəşər şüuru bunu dərk etməyə acizdir. Hətta əgər müsbət cavab verilsə belə, sual yaranır: Bəs niyə insanlar bu əhd-peymanı xatırlamırlar? Niyə nə mömin, nə də kafir bəndələr həmin gün baş verənləri unutmuşlar və məsələ bu qədər dolaşıq şəklə düşmüşdür? Əgər həmin hadisə unudulacaqsa, onun hikməti nədir? Axı, Allah-Taala Özü buyurur ki, ələst məclisinin səbəbi insanların Rəbbi inkar edə bilməməsi və “Biz qafil idik” kimi bəhanələr gətirməməsi olmuşdur. Allah Öz bəndələrinə həmin əhdi unutdurmuşsa, əhd almağın mənası nə idi? Bəndələrin bu əhdi necə unutduqlarına haqq qazandıranlar söyləyə bilərlər ki, bu əhd başqa bir aləmdə (maddi aləmdən əvvəl, aləmi-zərrdə) baş vermişdir, insanın fərdi həyatı isə bundan çox-çox sonra başlayır. Ona görə də insanın həmin hadisəni və o zaman verdiyi cavabı unutması təbiidir, hətta labüddür. Cavab olaraq deyilə bilər ki, aləmlər dəyişilərkən informasiyanın məhv olmadan qalması mümkündür. Dünya və axirət aləmləri arasındakı fasilə buna sübutdur. Çoxsaylı ayələr və hədislər vurğulayır ki, insanlar qiyamət günündə, yəni başqa bir aləmdə olduqları zaman bu dünyada baş verənləri xatırlayacaqlar. Günahkarlar öz etdikləri cinayətləri xatırlayıb etiraf edəcək, möminlər öz savablarını yada salıb sevinəcəklər. Hətta bu yaddaş cənnət və cəhənnəm həyatında da silinməyəcək. Elə isə, aləmi-zərrdə baş verənlərin bu dünyada unudulması (özü də kütləvi şəkildə) inandırıcı görünmür. İkinci ehtimala görə əgər bəndələr həmin vaxt ağıllı və yetkin deyildilərsə, yenə onlardan əhd almaq mənasız olmalı idi. Bu isə Allahın hikmətinə ziddir və mümkün deyil. Dördüncüsü, hədislərin əksəriyyətində insanların zərrə şəklində Həzrət Adəmin (ə) sülbündən və ya gilindən çıxarıldığı bəyan edilir. Halbuki, Quran ayəsinin özündə Həzrət Adəmin (ə) deyil, “bəni-Adəmin”, yəni Adəm oğullarının belindən (arxasından) zürriyyələrinin çıxarıldığı buyurulur. Göründüyü kimi hədislər bu məqamda ayə ilə ziddiyyət təşkil edir. Beşincisi, məlumdur ki, bəşərin yaradılması prosesində əvvəlcə cismani (fiziki) xilqət mərhələsi gəlir, bundan sonra cismə ruh daxil olur. Ayələrdən də məlum olur ki, Allah-Taala əvvəlcə Adəmin (ə) bədənini xəlq etmiş, sonra ona Öz hökmü altında olan ruhdan üfürmüşdür. Ana bətnində rüşeymin inkişafının da ilk mərhələsində bədən formalaşır, müəyyən müddətdən sonra bədənə ruh daxil olur. Elə isə, ələst məclisində əhd alınanların bədənində ruh var idimi? Əgər ruh yox idisə, onlar hansı şüur və iradə ilə “bəli” cavabı vermişdilər? Əgər ruhları var idisə, niyə hədislərdə bundan danışılımır və maddiyyatı ifadə edən “zərrə” kəlməsi işlədilir? Altıncısı, məlumdur ki, hər bir şəxsin ruhu onun doğuluşu ilə yaranır və fərdidir. Doğuluşdan qabaq ruhun yaradılması necə və nə səbəbdən baş vermişdir və ruh həmin xırda zərrə ölçüsündə olan cismə necə daxil edilmişdir? Bu fikri qəbul etmək dolayı yolla da olsa, tənasüx (reinkarnasiya) inancına haqq qazandırır. Deməli, ruh bir maddi bədənə girib orada müvəqqəti qaldıqdan sonra çıxa və başqa maddi bədənə daxil ola bilər (bu maddi bədənlər forma baxımından fərqli olsalar belə). Amma İslam bunu rədd edir və tənasüxü batil bilir. Göründüyü kimi qarşıya çıxan suallar xeyli ciddidir. Bu şübhələr ələst məclisinin zahiri mənada şərhini sual altına qoyur. Ələst məclisinə və ilahi əhd-peymana verilmiş ikinci şərh birincidən köklü surətdə fərqlənir. Bu şərhə görə, insanlardan alınan əhd-peyman heç də qədim zamanlarda, Həzrət Adəmin (ə) dövründə və toplum şəklində baş verməmişdir. Ayədə fitri allahpərəstlik duyğusuna işarə edilir. Allah-Taala hər bir fərdi yaratmazdan əvvəl onun batinində Öz rübubiyyətinə inam hissini yerləşdirir. İnsan bu “kapitalla” doğulur. İnsanın genetik xüsusiyyətləri və fərdi istedadları xromosomlar vasitəsilə ötürüldüyü kimi fitri hisslərin də bu şəkildə ötürülməsi mümkündür. Məhz fitri allahpərəstlik hissi insanı batilə uymaqdan müəyyən qədər sığortalayır. Yəni insanın daxilində fitri olaraq müsbətə, həqiqətə, imana meyl mövcuddur. Əgər insan öz fitrətinə tabe olarsa, bu fitrəti üstələməyə çalışmazsa, o halda öz Rəbbini tanıyacaq. Batilə uyan şəxs də bunu öz iradəsi ilə edəcək, o, öz istəyi ilə fitrətinin səsini boğacaq və öz mənliyinin əksinə gedəcək, buna görə də tam məsuliyyət daşıyacaq. Qurani-Kərimdə buyurulur: “Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bunu bilməz” (Rum, 30). Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Hər doğulan fitrət üzərində (yəni Allaha inanaraq) doğulur. Sonra valideynləri onu yəhudi ya xristian edirlər” (Bihar əl-ənvar, 3-cü cild, səh. 281). Bir nəfər İmam Cəfər Sadiqdən (ə) xahiş etdi ki, Allah haqqında ona bilgi versin. İmam soruşdu: “Sən indiyə kimi gəmiyə minib dənizə çıxmısanmı?” O adam “bəli” deyir. İmam soruşur: “Dənizin ortasında çətinliyə düşdüyün an olubmu? Elə bir an ki, mindiyin gəmi fırtınaların qoynunda aciz qalıb və sən də üzüb xilas olmağı bacarmamısan. Və o an qəlbində elə bir qüvvəyə qarşı inam hiss etmisənmi ki, səni həmin vəziyyətdən xilas etməyə qadir olsun?” O adam təsdiq edir. İmam Sadiq (ə) buyurur: “O qüvvə Allahdır. Xilaskar tapılmayan vaxt sənə nicat verməyə, dadına çatan olmadığı zaman sənə kömək etməyə qadirdir” (Bihar əl-ənvar, 3-cü cild, səh. 41). Fitri dindarlıq Allahın insanlara mərhəməti və lütfüdür. Allah bu yolla insanların Onu tanımalarını asanlaşdırmaq istəyib. Çünki Allah öz bəndələrinə qarşı mərhəmətlidir. Kənar dəvətçilərdən (peyğəmbərlərdən, din mübəlliğlərindən) əlavə, hər kəsin öz iç dünyası da onu Allaha doğru sövq edir. İmam Mühəmməd Baqir (ə) ələst məclisindən bəhs edən ayəni şərh edərək buyurmuşdur ki, Allah həmin hadisə ilə özünü bəndələrinə tanıtdırdı və təqdim etdi (göstərdi). Əgər belə olmasaydı, heç kəs öz Rəbbini tanımazdı (Üsul əl-Kafi, 2-ci cild, səh. 13). Dinindən və əqidəsindən asılı olmayaraq, böyük mütəfəkkirlər həmişə Allahı qəlblə, yəni fitri olaraq tanımağın mümkünlüyünə inanmışlar. Məşhur filosof B.Paskal yazırdı: “Allahı duyan qəlbdir, şüur yox. Budur iman: Allah qəlb vasitəsilə hiss olunur, ağıl vasitəsilə yox”. Göründüyü kimi ələst məclisinə zahiri deyil, əqli və batini şərh verərkən əvvəlki iradlar öz qüvvəsini itirir, çünki bu şərh həmin iradlara düzgün cavab vermək iqtidarındadır. Amma bu zaman qarşıya başqa tip suallar və şübhələr çıxır ki, onlara məqalənin növbəti bölümündə toxunacağıq.   Ələst məclisi: Fərqli izahlar Ələst məclisində bağlanmış əhd-peymanı hər kəsin fitrətində yerləşdirilmiş allahpərəstlik hissi kimi izah edənlərə qarşı əks cəbhə tərəfindən bu iradlar irəli sürülmüşdür: Birincisi, bu cür izah Quran ayəsinin zahirinə ziddir. Çünki ayədə bu hadisə bütün insanlar üçün eyni bir zamanda baş vermiş kütləvi olay kimi təqdim edilir. İkincisi, ayədəki “iz” (o zaman ki) kəlməsi keçmiş zamanı və baş vermiş hadisəni ifadə edir. Halbuki, ayənin ünvanı bizik, yəni dünyada yaşayan insanlardır. Əgər Allahla bağladığımız əhd də dünyada baş verirsə, o halda bu əhdin bağlanmasını keçmiş zaman şəklində ifadə etmək yanlış olar. Deməli, ehtimal etmək olar ki, əhdin bağlandığı zaman dünya həyatından əvvələ aiddir. Üçüncü irad bundan ibarətdir ki, insanın doğulmazdan əvvəl, xromosom və ya nütfə halında ikən Allahla əhd bağlaması və Allahın: “Mən sizin Rəbbiniz deyiləmmi?” sualına cavab verməsi necə mümkündür? Ortada cism (bədən), ağıl (beyin), nitq (dil) yox ikən, bu sual-cavab hansı formada baş verir? Sonuncu irada qarşı müəyyən cavablar verilmişdir. Fitrət nəzəriyyəsini dəstəkləyənlər deyirlər ki, Allahla bağlanmış əhd simvolik formada baş tutmuşdur. Buna “hali-dil” də deyirlər. Yəni bir şəxsin öz görünüşü, davranışı ilə çatdırdığı fikir və qarşı tərəfdə oyatdığı təəssürat hali-dil adlanır. Məsələn, belə deyimlər var: “Onun gözləri keçirdiyi həyəcandan xəbər verirdi”. “Qızarmış gözlərindən görünür ki, bütün gecəni yatmayıb”. “Filankəs adama gəl-gəl deyir”. “Yerişindən başa düşdüm ki, qəzəblidir” və s. Yaxud məsələn, deyirlər: “Ceyran ovçuya baxıb hali-dil ilə ona yalvardı”. Bütün bu deyimlərdə hissiyyatı, vəziyyəti ifadə edən dil deyil, digər bədən üzvləri və ya tərzi-rəftardır. Mümkündür ki, Allahın sualına verilən cavab da hali-dil ilə olur. Qurani-Kərimdə bu qəbildən olan daha bir ayə də vardır: “Sonra Allah tüstü (düman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.” (Fussilət, 11). Aydındır ki, göyün və yerin dili yoxdur və onlar danışa bilməzlər. Amma ayədən məlum olur ki, yer və göy Allahın təklifinə müəyyən bir tərzdə cavab vermişlər. Mövzu barədə böyük təfsir alimi Əllamə Təbatəbainin “əl-Mizan” kitabında verdiyi şərh də çox maraqlıdır. Əllamə Təbatəbai sanki bu iki nəzəriyyəni birləşdirmişdir. O, qeyd edir ki, Allahın insandan əhd alması həqiqətən bu dünyada deyil, fərqli bir aləmdə baş vermişdir. Amma bu hadisəni həddən artıq maddiləşdirmək, insanların maddi olaraq xırda varlıqlar şəklində yaradıldığını və onlardan əhd alındığını düşünmək yanlışdır. Əllamənin fikrincə, insan öz varlığı boyunca müxtəlif aləmlərdən keçir və hər aləmdə fərqli şəkillərə düşür, fərqli qanunlara tabe olur, fərqli vəzifələr daşıyır. Məsələn, dünya həyatında insanın vəziyyəti ilə ölümdən sonra bərzəx həyatındakı və axirət aləmindəki vəziyyətləri eyni deyildir, bunların arasında fərqlər vardır. Bu, insanın Allaha doğru yolunda düşdüyü vəziyyətlərdir. Eləcə də, insanın Allahdan dünyaya doğru gəlişində də fərqli vəziyyətlərə düşməsi mümkündür. Aləmi-zərr hadisəsi və ilahi əhd qissəsi məhz bu cür fərqli vəziyyətdə baş tutmuşdur. İnsan bu dünyada üç ölçü daxilində mövcuddur, amma başqa aləmlərdə bu ölçü sisteminə tabe olması zəruri deyil. Həmin aləmlərdəki mövcudluq formasının necəliyi sirr olaraq qalır. Allah-Taala buyurur: “Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk” (Hicr, 21). Həmin fərqli aləmdə hər şeyin burdakından fərqli ölçüdə olması mümkündür, bu dünyaya gəldikdə onlar ölçülərə girir və formalara düşürlər. Həmin qeyri-məhdud və fərqli vəziyyət bəlkə də Quranda rast gəldiyimiz “mələkut” kəlməsi ilə ifadə edilir: “Hər şeyin mələkutu əlində olan (Allah) pakdır, müqəddəsdir” (Yasin, 83). Əllamə Təbatəbainin fikrincə, insan həmin aləmdə olarkən, Allahın rübubiyyətini duymuş və qəbul etmişdir. Bu qəbul etmək araşdırma və sübut tələb etmə yolu ilə həyata keçməmişdir. Allahla Öz bəndəsinin arasında mövcud olmuş xüsusi bir rabitə sayəsində bəndə Allahın hakimiyyətini qəbul etmiş və buna şahid durmuşdur. Əllamə Təbatəbai bu nəzəriyyəni “əl-Mizan” təfsirində, Əraf surəsinin 172-ci ayəsinin şərhində bəyan etmişdir.